|
Hökümət ölkənin əsas bankını xilas edəcəkmi?
Vüqar
Bayramov: “Beynəlxalq Bankda baş verənlər qurumun
tətbiq etdiyi
təşkilati idarəetmənin iflasa
uğramasından xəbər verir”
Maliyyə naziri Samir Şərifovun sədrliyi ilə
keçirilən “Azərbaycan Beynəlxalq Bankı”nın
səhmdarlarının ümum yığıncağı və orada qəbul edilən
qərarlar müzakirə obyekti olaraq qalmaqdadır. Nəzərə
çatdıraq ki, sözügedən toplantıda səhmlərin 80
faizinə malik səhmdarlar, Maliyyə Nazirliyi də daxil
olmaqla dividendlərin rüblər üzrə deyil, illik
olaraq ödənilməsi və növbəti ödənişin həyata
keçirilməsi məsələsinə 2011-ci ildə baxılması
barədə qərar qəbul ediblər. Diqqəti çəkən isə
qərarın bankın artıq 3 rübdür səhmdarlara divident
verməməsi barədə mətbuatda xəbərlərin yer almasından
sonra verilməsidir. Belə ki, məlumatlara görə, belə
hal bankın tarixində ilk dəfədir baş verib. Bütün
bunlar isə Beynəlxalq Bankın maliyyə poblemləri
ilə üzləşməsindən irəli gəlir .
Xatırladaq ki, Beynəlxalq Bankın maliyyə
vəziyyətinin ağır olması bir sıra beynəlxalq reytinq
agentliklərinin hesabatlarında da əksini tapıb. Belə
ki, Fitch Ratings» beynəlxalq reytinq agentliyi hələ
ötən ilin sonlarında Beynəlxalq Bankının bütün
kreditlərinin təqribən üçdə birinin – 27, 8 faizinin
problemli, «pis borc» sayıldığı barədə məlumat
açıqlamışdı. Beynəlxalq normalara əsasən isə bu
göstəricinin beş faizi keçməsi «həyəcan təbili» üçün
kifayət idi.
Məlumat üçün bildirək ki, Beynəlxalq Bank ölkənin
ən kapitallaşdırılmış bankıdır. Bank bazar payına
və əmanətlərin həcminə görə Azərbaycanda ən böyük
bank sayılır. Bankın nizamnamə fondunun 50,20%
dövlət müəssisələrinin,
3,27% qeyri-dövlət müəssisələrinin, 38,63%
fiziki şəxslərin,
7,90% xarici təsisçilərin payına düşür. Maliyyə
qurumunun nizamnamə kapitalı 240 milyon manat təşkil
edir. 2010-cu il iyulun 1-nə olan məlumata görə,
bankın balans kapitalı 627,7 milyon manat
səviyyəsindədir.
Baş verənlər maliyyə qurumunun xarici reytinqinə
təsir göstərib
İqitisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM)
rəhbəri Vüqar Bayramov hesab edir ki, kapitalının
həcminə görə ölkədə aparıcı bank olduğu üçün
Beynəlxalq Bankda baş verən proseslər bank sektoruna
münasibətin formalaşması baxımından əhəmiyyətlidir:
“Nəzərə alsaq ki, bank sektoru həssas sektordur. O
baxımdan Beynəlxalq Bankda müşahidə edliən
problemlər adi vətəndaşlar, müəssisələr arasında
“əgər ölkənin birinci bankında problem yaşanırsa o
zaman kapitalının həcminə görə ölkəninin 15 və 20-ci
bankında problemlərin yaşanmayacağına zəmanət verə
bilər” kimi narahatçılıqlar doğurur. Beynəlxalq
Bankda müşahidə edliən problemlər yalnız bu bankın
problemi deyil. bütövlükdə bank sisteminin
problemidir”.
Azərbaycan bankları arasında xaricdə ilk dəfə
Beynəlxalq Bankın AAA+ reytinq alıdğını xatırladan
V.Bayramov artıq bir müddətdir bankın ciddi maliyyə
problemləri ilə üzləşdiyini bildirir: “Əvvəla
Beynəlxalq Bankda müəyyən maliyyə problemlərinin
mövcudluğu, eləcə də səhmdarlara dividentlərin
ödənilməsindəki problemlər maliyyə qurumunun xarici
reytinqinə təsir göstərir. Beynəlxalq maliyyə
qurumları bank sistemini qiymətləndirən zaman
xüsusilə qlobal maliyyə böhranından sonra
Azərbaycanda problemli banklar sırasında Beynəlxalq
Bankın adını da qeyd edirdilər. Bunun nəticəsidir ki,
Beynəlxalq Bankın reytinqi böhran başladıqdan sonra
AAA+ reytinqindən BB reytinqinə qədər aşağı düşüb”
V.Bayramovun sözlərinə görə, Beynəlxalq Bankda
müşahidə edilən problemlər qurumun tətbiq etdiyi
təşkilati
idarəetmənin iflasa uğramasından xəbər
verir: “Beynəlxalq Bankın idarəetmə sistemi uzun
müddət digər banklar üçün nümunəvi xarakter daşısa
da, son illər idarəetmə sistemində islahatların aparılmaması, təmərküzləşmə meylləri, qərarların
qəbulunun mərkəzləşdirilməsi sözügedən problemlərin
yaranmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki,
ötən ilin sonlarından başlayaraq bank öz
səhmdarlarına divident ödəyə bilmir. Bankda
problemlərin yaranmasının digər səbəbi problemli
kreditlərin həcminin artmasıdır. Nəzərə alsaq ki,
Beynəlxalq Bankın uzun müddət reytinqi AAA+ reytinqi
olub, o baxımdan bankın Amerika Birləşmiş
Ştatlarında, Avropada ucuz maliyyə mənbələrinə
birbaşa çıxış imkanları olub. Deməli Beynəlxalq
Bankın cəlb etdiyi vəsaitlərin faiz dərəcələri digər
bankların cəlb etdikləri vəsaitlər üzrə faiz
dərəcəsindən aşağı təşkil edib. Praktiki bu
Beynəlxalq Banka kifayət qədər manevir imkanları
versə də, kredit bazarında rəqabət aparmaq üçün
üstünlük qazandırsa, ötən müddətdə bankın kredit
bazarında mövqeləri ciddi şəkildə möhkəmlənməyib,
əksinə problemli kreditlərin- verilən və geri
qaytarılmayan kreditlərin sayının artımına gətirib
çıxarıb”.
Ekspert bankın gəlirlərinin 70 faizinin kreditlərin
verilməsi və kreditlər üzrə dividentlərin
ödənilməsinə görə əldə edilən gəlirlər olduğunu da
deyir. Onun fikrincə, problemli kreditlər
məsələsinin böyüməsi Beynəlxalq Bankın likvidliyinə
çox ciddi mənfi təsir göstərib. Ən əsası isə bankın
gəlirlərinin azalmasına gətirib çıxarıb.
2010-cu il ərzində səhmdarlara divident
ödənilməyəcək
Səhmdarlara dividendlərin rüblər üzrə deyil, illik
olaraq ödənilməsinə gəlincə, V.Bayramovun qənaətinə
görə, bu qərar da bankda vəziyyətin yaxşı
olmadığından xəbər verir: “Rəsmi məlumatlara əsasən
səhmdarların 80 faizi qərarın lehinə səs verib. Belə
bir qərarın qəbulu rüblük dividentlərin ödənilməsi
ilə bağlı problemin qlamaqda olduğunu göstərir.
Eyni zamanda Beynəlxalq Bank növbəti ödənişin
həyata keçirilməsi məsələsinə 2011-ci ildə
baxılması barədə qərar qəbul edib. Bu o deməkdir
ki, 2010-cu il ərzində bank öz səhmdarlarına
divident ödəmək imkanına malik olmayacaq”.
Mütəxəssis qərarın qəbulunda maliyyə nazirinin təsir
imkanlarının böyük olduğunun güman edildiyini
diqqətə çatdırır: “Beynəlxalq Bank bu qərarla
səhmdarlara ödəniləcək dividenti bankdakı
problemlərin həllinə yönəltmək istəyir. Yeri
gəlmişkən Beynəlxalq Bank ölkənin bir nömrəli bankı
olmaqla yanaşı Azərbaycan bankları arasında ən çox
dövlət payına malikdir. “Kapitalbank”ın səhmlərinin
satışından sonra praktiki Beynəlxalq Bank dövlət
nəzarətində qalan yeganə bankdır. Bunu nəzərə alsaq
Beynəlxalq Bankda verilən qərarlar heç də bankın
rəhbərliyinin qəbul etdiyi qərarlar kimi qəbul
olunmamalıdır”.
V.Bayramov bildirir ki, bankın idarəedilməsi təkcə
iqtisadi deyil, həm də siyasi xarakter daşıyır:
“Bankın əldə etdiyi məfəətin necə yerləşdirilməsi,
dividentlər ödənildikdən sonra məfəətin hansı ölkədə
və hansı istiqamətdə yerləşdirilməsi barədə qərarın
verilməsi nəzəri olaraq səhmdarların ixtiyarında
olsa da, bütün bu məsələlər təkcə Beynəlxalq Bank
səviyyəsində həll edilmir. Hətta bankda son
problemlərin yaşanması vəsaitlərin bir hissəsinin
yerləşdirilməsi ilə bağlı verilən qərarın
razılaşdırılmamasından irəli gəlib”.
Beynəlxalq Banka dövlətin müdaxiləsi kəskin arta
bilər
İSİM rəhbəri qeyd edir ki, Beynəlxalq Bankda
müşahidə edilən problemlər bank sektorundakı
problemlərin tərkib hissəsidir: “Dövlət Beynəlxalq
Bankda yaşanan problemlərin böyüməsinə imkan
verməməlidir. Çünki, bankda müşahidə edilən
problemlər qısa zamanda həllini tapmazsa, o zaman
digər banklara da inamın azalması qaçılmaz olacaq.
Dövlət Beynəlxalq Bankın sağlamlaşdırılması
istiqamətində addımlar atmalıdır. Amerika Birləşmiş
Ştatlarında olduğu kimi Beynəlxalq Bankın
səhmlərinin bir hissəsi müəyyən müddətə dövlət
tərəfindən alınması həyata keçirilə bilər. Belə ki,
Mərkəzi Bank və ya Maliyyə Nazirliyi Beynəlxalq
Bankın xarici və özəl şirkətlərdə olan səhmlərinin
bir hissəsinin alışının həyata keçirə bilər ki,
bunun da nəticəsində banka yeni investisiyalar cəlb
olunar. Digər üsul Beynəlxalq Bankda dövlətin
səhmlərinin bir hissəsinin satılmasıdır. Hansıkı
bununla da bankın özəlləşdirilməsi yolu ilə cəlb
edilən vəsaitlərin həcmini artırmaq mümkündür. Hesab
edirəm bu böhraının aradan qaldırılması, likvidliyin
təminatı baxımından əlavə maliyyə resurslarının
formalaşmasına imkan verər. Amma son proseslər
dövlətin eləcə də Maliyyə Nazirliyinin Beynəlxalq
Bankın səhmlərinin özəlləşdirilməsi və ya satılması
ideyası üzərində işləmədiyin göstərir”.
İqtisadçı bununla belə problemin həlli üçün yaxın
vaxtlarda Beynəlxalq Banka dövlətin müdaxiləsinin
kəskin artacağının gözlənildiyini də əlavə edir.
|