Mayda büdcəyə əlavə
və dəyişikliklər olunacaq
Vüqar Bayramov: “Büdcənin
xərcləri daha 2 milyard manat artırıla bilər”
Dünya
bazarlarında neftin qiyməti son bir ay ərzində ən
yüksək həddə çatıb. “Qara qızıl”ın bahalaşmasına
əsas səbəb Liviyada qiyamçıların hazırkı dövlət
başçısı Müammar Qəddafi tərəfdarlarına gücdə
yenilməsi göstərilir. Həmçinin neftin bahalaşmasına
digər səbəb, dolların məzənnəsinin gündən-günə
zəifləməsidir.
Bununla da “qara qızıl”ın bir barelinin qiyməti 107
dollara qədər yüksəlib. Londondakı “ICE” birjasında
isə Brent markalı neft yüksələrək 117,20 dollar
təşkil edib. Nəzərə çatdıraq ki, neftin qiymətinin
yüksəlişi 2011-ci ilin dövlət büdcəsinə əlavə və
dəyişiklikləri gündəmə gəritib.Onu da vurğulayaq
ki,
2011-ci il dövlət büdcəsinin gəlirləri 12 milyard 61
milyon manat, xərcləri isə 12 milyard 748 milyon
manat təşkil edir. Dövlət büdcəsində neftin 1
barelinin qiyməti 60 dollar səviyyəsində nəzərdə
tutulur.
Iqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri
Vüqar Bayramov 2011-ci ilin ötən 3 ayında dünya
bazarında neftin orta qiymətinin 90 dollardan
yüksək olduğunu deyir: “Bu, dünya bazarında neftin
orta qiymətinin dövlət büdcəsində nəzərdə tutulandan
50 faiz çox olması deməkdir. Büdcəyə daxilolmaların
payı artıb. O baxımdan gələn ay dövlət büdcəsinə
əlavə və dəyişikliklərin olunması qaçılmazdı. Güman
edilir ki, gəlirlərin artımı büdcədə profisitin
yaranması bəzi xərc maddələrinin artırılmasına
gətirib çıxara bilər”.
V.Bayramovun sözlərinə görə, qiymətləndirmələr
büdcənin gəlirlər və xərclər hissəsinə 2 milyard
manat əlavə ediləcəyini göstərir:” Gözləniləndir ki,
bu halda daha çox vəsait investisiya layihələrinə
yönəldilsin. May ayında büdcəyə dəyişikliklər edilən
zaman dövlət büdcəsində neft sektorunun rolunun,
payının azaldılması məqsədilə Neft Fondundan büdcəyə
transfertlərin həcminə əlavələrin edilməməsi daha
məqsəd uyğundur”.
Mütəxəsiss hesab edir ki, dəyişikliklər neftin
dünya bazar qiymətinin qalxması nəticəsində dövlət
büdcəsinə əlavə daxil olmanın hesabına edilməlidir:
“Praktiki bununla dövlət büdcəsinin Neft Fondundan
asılılığını aradan qaldırmaq mümkün olar”.
İSİM rəhbəri bildirir ki, dövriyyədə pul kütləsinin
artması nəticə etibari ilə qiymətlərin qalxması və
2011-ci ilin 2-ci yarımilində Azərbaycanda daha
yüksək inflyasiyanın yaranmasına səbəb ola bilər.
|