|
|
|
|
Yaxın 5 ildə Bakıda və iri şəhərlərdə mənzilə
tələbatı olanların 30 faizinin tələbatı qarşılana
bilər.Əgər
mənzil təminatı ilə bağlı Cənub Şərqi Asiya
modelini tətbiq edilərsə
Millət vəkili Əli Əhmədov mənzillərə
olan tələbatın ödənilməsi məqsədilə yeni proqramın
qəbul edilməsini irəli sürüb. Ə.Əhmədov həmçinin 10
illik dövlət proqramı çərçivəsində ildə 1 milyard
manat vəsaitin ayrılmasını təklif edib.İctimai
müzakirəyə səbəb olan bu təklif bir sıra ekspertlər
tərəfindən də dəstəklənib. Çünki, nəzərə alsaq ki, il
ərzində 14-15 min mənzil istifadəyə verilir, ölkədə
tikinti bu templə davam edərsə, indiki tələbatı
ödəmək üçün azı 60 il vaxt lazım olacaq. Odur ki,
tikilən evlərin sayı azı 3 dəfə artmalıdır. Bu isə
yalnız dövlətin mənzil tikintisinə pul ayırması ilə
baş verə bilər. Xatırladaq ki, hazırda
Azərbaycanda ailə təsərrüfatlarının sayı 1 milyon
700 mindən çoxdur. Mənzil bazarını araşdıran
mütəxəssislərin hesablamalarına görə, bu ailələrin
30 faizə qədərinin yəni 600 min ailənin mənzilə
ehtiyacı var. Bununla yanaşı ölkədə adambaşına düşən
yaşayış sahələri də beynəlxalq standartlara cavab
vermir. Belə ki, Azərbaycanda 1 nəfərə düşən mənzil
sahəsi 12,6 kvadrat metrdir. Orta səviyyəli
ölkələrdə bu göstərici 30-35 kvadratmetrdir. İndi
ölkəmizdə mənzil fondunun ümumi sahəsi 100 milyon
kvadratmetrdir. Hər il istifadəyə verilən
mənzillərin sahəsi isə 1,5 milyon kvadratmetr təşkil
edir.
İqtisadçı-alim Vuqar Bayramov deyir ki, Azərbaycanda
adambaşına düşən mənzil sahəsi Avropa ölkələrindən
2,5 dəfə azdır. Onun sözlərinə görə, Azərbaycanda 1
nəfərə düşən mənzil sahəsi 12,6 kvadratmetrdirsə,
Avropada bu rəqəm 28 kvadratmetr təşkil edir: “Son
zamanlar mənzil bazarında baş verən dəyişikliklər
göstərir ki, satılan mənzillərin sayında artımlar
olsa da belə bu aztəminatlı vətəndaşların mənzil
təminatının həllinə ciddi təsir göstərmir.
Tədqiqatlara əsasən, paytaxtda 2005-2008-ci illərdə
tikinti bumu dövründə mənzillərin göyük qisminin
alışı bir neçə mənzilə sahib olan insanlar
tərəfindən həyata keçirilib. Eləcə də mənzillərin
əksəriyyəti kommersiya məqsədilə alınıb. O baxımdan
aztəminatlı insanların mənzil təminatının
yaxşılaşdırılması üçün bir sıra ölkələrdə eləcə də
qonşu Türkiyədə tətbiq edilən mənzil tikinti
layihələrinin həyata keçirilməsinə ehtiyac
var.Parlamentin bəzi deputatları proqramın
reallaşdırılmasına ildə 1 milyard manat yönəldilə
biləcəyini deyiblər. Lakin bu istiqamətdə
Azərbaycanda Cənub Şərqi Asiya modelinin tətbiqi
daha məqbuldur. Sözügedən modelin özəlliyi dövlət
büdcəsi hesabına torpağın alınması, mənzillərin inşa
edilməsidir. Hansıki sonradan dövlət inşa edilən
mənzilləri həmin mənzilin öz qiymətinə uyğun mənzilə
tələbatı olan vətəndaşlara təqdim edir. Vətəndaş bu
zaman ilkin ödəniş həyata keçirmir. Sadəcə mənzildə
yaşadığı dövrdə aylq ödənişlər edir. Bununla da
dövlət uzunmüddətli zaman üçün mənzilin xərcini
geri qaytarır. Türkiyədə iki otaqli mənzilə sahib
olan ailənin mənzilin xərcini qaytarması üçün
ödədiyi aylıq vəsait 90 dollardı. Misirdə isə bu
rəqəm 60 dollardı. O baxımdan söhbət kifayət qədər
kiçik məbləğin ödənilməsindən gedir. Fikrimcə, həmin
məbləğin dövlət büdcəsinə qaytarılmasını təmin etmək
də mümkündür”.
İqtisadçının sözlərinə görə, xərcinin ödənildiyi
dövrdə mənzil girov rolunu oynayır: “Mənzil sahibi
yalnız mənzilin xərcini ödədikdən sonra mənzili
satmaq və ya bağışlamaq hüququna malik olur. İlkin
qiymətləndirmələr göstərir ki, mənzil təminatı ilə
bağlı dövlət proqramı qəbul edilərsə, buna uyğun
mənzillərin tikintisini həyata keçirmək mümkün
olarsa, bu, yaxın 5 ildə Bakıda və iri şəhərlərdə
mənzilə tələbatı olanların 30 faizinin tələbatının
qarşılanmasına imkan verə bilər. Nəzərə alsaq ki,
dövlət büdcəsindən bu istiqamətə vəsaitlərin
ayrılması ilə bağlı müzakirələr gedir, müzakirələr
mənzil probleminin həllinə müsbət təsir edəcək”.
İqtisadçı hesab edir ki, proqramın icrası Bakıda
mənzillərin qiymətlərinin aşağı düşməsinə gətirib
çıxaracaq: “Parlamentdə qeyd edildiyi kimi hər il
büdcədən bu istiqamətə vəsait ayrılarsa, o zaman
mənzil bazarında təklif artacaq. Nəticədə
qiymətlər də düşəcək.Göründüyü kimi proqramın icrası
bazarda qiymətlərin aşağı düşməsi baxımından
efektlidir”.
Bununla belə iqtisadçı proqramın reallaşdırılmasına
il ərzində 1 milyard manat yönəldilməsinin iqtisadi
baxımdan əsaslandırılmadığını düşünür: “Kifayət
qədər böyük vəsaitin ayrılması digər sosial
layihələrə nəzərdə tutulan vəsaitlərin həcminə təsir
edir. O baxımdan məbləğ yalnız proqram qəbul
edildikdən sonra müəyyənləşdirilməlidir.
Qiymətləndirmələrimizə görə, ilkin mərhələdə daha az
vəsaitlə prosesə başlamaq və sonrakı illərdə dövlət
büdcəsindən ayrılan vəsaitləri artırmaq mümkündür.
Məsələn, il ərzində dövlət büdcəsindən 300 milyon
manat bu istiqamətdə ayrılarsa, eləcə də özəl
tikinti şirkətlərinə mənzil tikintisi ilə bağlı
müəyyən güzəştlər tətbiq olunarsa, Bakıda
mənzillərin qiymətinin endirilməsi ilə bağlı
addımlar reallaşarsa, o zaman vətəndaşların mənzilə
olan təlabatını qısa müddətdə həll etmək olar”.
|