|
Mətbuat üçün açıqlama
İqtisadi
və
Sosial İnkişaf
Mərkəzi (İSİM) 2011-ci il fevralın
23-də Kaspian Plazanın konfrans zalında
rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi və
dayanıqlı nəticələrin əldə edilməsi məqsədilə hazırladığı
Anti-Korrupsiya Tədbriləri Paketinin təqdimatını
keçirmişdir. Millət vəkillərinin, dövlət
komitələrinin, nazirliklərin nümayəndələrinin
iştirak etdiyi tədbirdə İqtisadi və Sosial İnkişaf
Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov
çıxış edib.
O bildirib ki, İSİM-in
korrupsiyaya qarşı mübarizənin səmərli aparılması və
davamlı olması üçün hazırladığı təkliflər paketi
iqtisadiyyatın bütün sahələrində struktur
islahatlarının aparılmasını nəzərdə tutur.
Qeyd edib ki, antikorrupsiya tədbirləri çərçivəsində
struktur islahatları iqtisadi idarəetmənin müxtəlif
sektorlarını əhatə etməlidir. İslahatlar nəticəsində
“Azərsu” " ASC-nin Meliorasiya və Su Təsərrüfatı
Səhmdar Cəmiyyətinə birləşdirilməsi və hər iki
qurumun bazasında yeni agentliyin– Dövlət Su
Agentliyi yaradılması, “Azərenerji”SC-nin Dövlət
Neft Şirkətinə birləşdirilməsi, Dövlət Gömrük
Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinin
tərkibində idarə formasında fəaliyyət göstərməsi,
Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək İqtisadi
İnkişaf Nazirliyinin tərkibinə verilməsi, Sosial
Müdafiə Fondunun ləğv edilərək departament şəklində
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
birləşdirilməsi, Sənaye və Energetika Nazirliyinin
ləğv edilərək, funksiyalarının bir qisminin Neft
Şirkətinə verilməsi, o cümlədən İqtisadi İnkişaf
Nazirliyinin bazasında Yanacaq Energetika
Departamentinin formalaşdırılması təmin olunmalıdır.
İqtisadçı həmçini sahibkarlıq subyektləri və əhali
ilə daha çox işləyən nazirliklərdə Müşahidə
Şuralarının yaradılmasını vacib sayıb. İqtisadçının
qənaətinə görə, bu şuraların tərkibinə yalnız
dövlət qurumlarının deyil, vətəndaş cəmiyyəti
institutlarının nümayəndələri daxil
edilməlidir:”İdxal-ixrac əməliyyatları üzrə Əlavə
Dəyər Vergisi üzrə ödənişlərin Dövlət Gömrük
Komitəsi tərəfindən alınması ləğv edilməli və bu iş
Vergilər Nazirliyinə həvalə edilməlidir. Eyni
zamanda xarici ticarət əlaqələrində korrupsiya
səviyyəsinin azaldılması məqsədilə Azərbaycanın
Dünya Ticarət Təşkilatına üzvlüyü prosesinin
sürətləndirilməlidir. Antikorrupsiya tədbirlərinin
tərkib hissəsi kimi İqtisadi İnkişaf Nazirliyinin
tərkibindəki Antiinhisar Departamenti nazirlikdən
ayrılaraq Rəqabətin Müdafiəsi Agentliyi
yaradılmalıdır. Agentliyə bazara müdaxilə, inhisar
hallarının qarşısının alınması üçün ciddi
səlahiyyətlər verilməlidir. Hansıki MDB-nin əksər
ölkələrində Rəqabətin Müdafiəsi Agentliyi fəaliyyət
göstərir. Bundan əlavə dövlət şirkətlərinin audit
yoxlamaları beynəlxalq standartlara
uyğunlaşdırılmalıdır. Çünki Şəffaflığın
Gücləndirilməsi və Korrupsiyaya Qarşı Mübarizə Milli
Strategiyasında beynəlxalq standartların tətbiq
edilməsi bu sahədə vacib elementlərdən biri kimi
hesab edilir.Vergi Məcəlləsi üzrə risk təhlili
aparılmaldır. Müstəqil və tanınmış xarici şirkət
tərəfindən həyata keçirilməsi tövsiyə edilən bu
təhlil məcələnin korrupsiya üçün hansı imkanlar
yaratdığını müəyyənləşdirə bilər”.
V.Bayramov bildirib ki, elektron hökümətin
elementlərindən yalnız biznesdə deyil, dövlət
qurumlarının fəaliyyətlərində də istifadə
olunmalıdır: “Arayışlar və tələbnamələr
elektronlaşdırılmalıdır. Belə ki, inkişaf etmiş və
inkişaf etməkdə olan ölkələrdə vətəndaşların
kommunal xidmətlərə borcu, yaşayış yerləri ilə bağlı
arayışlar elektronlaşdırılıb. Vətəndaşlar heç bir
dövlət qurumuna müraciət etmədən arayışları çap
edirlər. Həmçinin Vergilər Nazirliyi tərəfindən «Elektron
audit» sisteminin tətbiqi həyata keçirilməlidir.
Sistemin reallaşdırılması audit işində şəffaflığın
artmasına və audit proseslərinin asanlaşdırılmasına
səbəb ola bilər.
Elektron ticarətin inkişafı üçün bu sahə ƏDV-dən
azad edilməlidir. Bu elektron ticarətin inkişafına
yardım göstərməklə yanaşı e-ticarətin daha da
leqalaşdırılmasına səbəb ola bilər.Bir sıra Avropa
ölkələrində olduğu kimi rüblük bəyənnamələr illik
hesabatla əvəz edilməlidir. Belə halda vergi
müfəttişləri ilə sahibkarların birbaşa ünsiyyəti
azalar”.
Daha sonra Təkliflər Paketi ətrafında müzakirələr
aparılıb.
Çıxış edən millət vəkili Qüdrət Həsənquliyev
korrupsiyaya qarşı mübarizənin effektiv aparılması üçün
siyasi islahatların həyata keçirilməsini vacib hesab
etdiyini söyləyib: “İdarəetmədə islahatlar
aparılmalıdır. Eyni zamanda ölkədə böyük
özəlləşdirmə keçirilməlidir.Azərbaycan Dövlət Neft
Şirkəti özəlləşdirilməlidir”.
İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinnin
sədri Qubad İbadoğlu isə struktur islahatları
çərçivəsində Sosial Müdafiə Fondunun ləğv edilərək
departament şəklində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə birləşdirilməsindən daha çox
qeyri-dövlət pensiya fondlarının yaradılması məqbul
sayıb.
Millət vəkili Fəzail Ağamalı korrupsiyaya qarşı
mübarizənin effektli olmasında ictimai nəzarətin
mühüm olduğunu vurğulayıb. Qeyd edib ki, struktur
islahatları çərçivəsində Azərbaycan Sənaye və
Energetika Nazirliyinin ləğv edilməsi deyil,
fəaliyyətinin genişləndirilməsini vacibdir:
“”Azərenerji” isə bu nazirliyə birləşdirilməlidir.
Bütün sferalarda nağd hesablaşmalar aradan
qaldırılmalıdır. Bu gün lisenziyalar üzrə rüsumların
məbləğləri bəlli deyil. Belə məsələlər həll
edilməlidir”.
Millət vəkili Fazil Mustafa İSİM-in hazırladığı
Təkliflər Paketini proqram şəklində işlənib deputat
qrupu tərəfindən Nazirlər Kabinetinə təqdim
olunmasını təklif edib. O ölkədəki anikorrupsiya
tədbirlərini mağazaların endirim kampaniyalarına
bənzədib.
Məlumat üçün bildirək ki, tədbirdə Təhsil, Nəqliyyat,
Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Ədliyyə
Nazirliklərinin, Dövlət Neft Fondunun, Gömrük
Komitəsinin və digər dövlət qurumlarının
nümayəndələri, eləcə də qeyri-hökümət
təşkilatlarının rəhbərləri iştirak ediblər.





|