|
Vüqar Bayramov yeni təyinatla bağlı yayılan
xəbərlərə münasibət bildirib
Iqtisadçı
alim jurnalistlərin çoxlu saylı müraciətlərini
cavablayaraq bir sıra aparıcı qəzet və internet
portallarında özünün iqtisadi inkişaf naziri postuna
gətiriləcəyi ilə bağlı açıqlamalara münasibət
bildirib. V.Bayramov bildirib ki, özü və rəhbərlik
etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)
müxtəlif dövlət qurumları ilə iqtisadi islahatların
səmərəli aparılması istiqamətində müzakirələr aparır.
Yalnız ötən il İSİM-in hazırladığı 10 təklif hökumət
tərəfindən qəbul edilib. Son günlər də anti-korrupsiya
tədbirlərinin daha səmərəli aparılması və davamlı
olması ilə bağlı müxtəlif dövlət qurumları və bəzi
rəsmilərlə müzakirələrimiz olub. Bununla belə,
konkret olaraq iqtisadi inkişaf naziri vəzifəsinə təyanatla
bağlı məsələ müzakirələrin predmeti olmayıb.
İqtisadçı alim bildirib ki, iqtisadi qurumlara onun
və ya başqasının rəhbərlik etməsi önəmli deyil:
“Əsas odur ki, anti-korrupsiya tədbirlərinin
davamlılığının təmin edilməsi və bu tədbirlərin
kompleks aparılması üçün dövlət qurumlarına
korrupsiyada adları hallanmayan və ölkəsinin
inkişafı üçün çalışan insanlar rəhbərlik etsinlər”.
Hökumətin gəncləşdirilməsi siyasətinin daha səmərəli
olması ilə bağlı fikirləri bölüşdüyünü vurğulayan
İSİM rəhbəri bildirib ki, mərkəz anti-korrupsiya
tədbirlərinin davamlı olması üçün “Korrupsiyaya
Qarşı Mübarizə Tədbirləri” haqqında Təkiflər Paketi
hazırlayıb. Hal-hazırda təkliflər paketinin tətbiqi
ilə bağlı müzakirələr davam etdirilir.
Xatırladaq ki, ABŞ-ın Vaşinqton Universitetinin
məzunu olan, Qazaxıstanda Anti-böhran, Yunanıstanda
isə Stabilləşmə proqramlarının hazırlanmasında
iştirak edən Vüqar Bayramov ekspert kimi müxtəlif
ölkələrin inkişaf proqramlarının hazırlanmasına cəlb
edilib. Ötən il ölkə prezidentinin də adının daxil
edildiyi ABŞ-ın Corc Taun Universitetinin
hazırladığı “dünyanın ən nüfuzlu 500 müsəlmanı”
hesabatında yer alan azərbaycanlı alimin iqtisadi
əsərləri dünyanın 25 dilinə tərcümə edilib.
V.Bayramov Böyük Britaniyanın Kral Akademiyasının
üzvü olan yeganə azərbaycanlı iqtisadçıdır.
|