|
Mənzillərin
qiyməti təxminən 40 faiz aşağı düşəcək
Vüqar Bayramov: “2011-ci ilə tikinti
sektorunda qiymətlərin dəyişməsi korrupsiyaya qarşı
mübarizənin hansı səviyyədə aparılmasından asılı
olacaq”
Artıq
iki həftədən çoxdur ölkədə antikorrupsiya tədbirləri
həyata keçirilir. Bu tədbirlər nəticəsində bir sıra
sahələrdə, eləcə də biznesdə, sahibkarlıq
subyektlərinin fəaliyyətlərinin genişləndirməsində
müəyyən dəyişikliklər proqnozlaşdırılır. Prosesin
tikinti sektoruna necə təsir göstərəcəyi sual
doğurur. Çünki, bu sahədə dairənin qapalı olması,
tikinti zamanı şirkətlərin ödədikləri qeyri-rəsmi
ödənişlər mənzi bazarının inkişafını tormuzlamaqla
yanaşı, sahibkarların bazarı tərk etməsinə gətirib
çıxarıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov deyir ki, cari ildə də mənzil sektorunda
durğunluğun davam etməsi müşahidə edilir. İpoteka
proqramı çərçivəsində təklif olunan kretidlərdən
istifadə edənlərin sayında artımlar var. Eyni
zamanda mənzilə tələbatın, xüsusilə Bakı ətrafında
artması müşahidə edilir. Lakin bütün bunlar
tikintidə və mənzil bazarında durğunluğun aradan
qaldırılmasına təsir göstərmir. Mənzil bazarında
təklif tələbatı üstələyir. Tələbat hələ də zəif
olaraq qalmaqdadır. Tikinti bazarının son zamanlar
müşahidə edilən spesifik cəhəti bu sektorda yeni
binaların inşasında kifayət qədər azalma var. Mənzil
bazarında və tikinti sektorunda müşahidə edilən
durğunluq qiymətlərin yüksək olması, qiymətlərin
daha çox süni qiymətlər şəklində olmasıdır. Süni
qiymətlər birmənalı şəkildə mənzil bazarında
tələbatın formalaşmasına imkan vermir”.
İqtisadçının sözlərinə görə, hazırda yenə də
paytaxtda mənzillərin qiyməti əksər Mərkəzi Şərqi
Avropa ölkələrinin paytaxtları ilə muqayisədə
bahadır: “Tikinti şirkətlərinin mənzillərin
qiymətlərini aşağı salmamalarının əsas
səbəblərindən başlıcası tikinti zamanı çəkdikləri
xərclərin yüksək olmasıdır. Monitorinqlər göstərir
ki, tikinti şirkətlərinin xərclərinin təxminən 40
faizini qeyri-rəsmi ödənişlər təşkil edir. Hansıki
bu da tikinti zamanı müxtəlif dövlət qurumlarına
verilən qeyri-rəsmi ödənişlərdir. . Korrupsiyaya
qarşı mübarizənin aparılması tikinti sektoruna
birmənalı şəkildə təsir göstərəcək. Əgər
korrupsiyaya qarşı mübarizə kompleks və davamlı
aparılarsa, bu, tikinti sektorunda inşa edilən
mənzillərin xərcinin təxminən 40 faiz aşağı
düşməsinə gətirib çıxaracaq”.
V.Bayramov hesab edir ki, 2011-ci ilə tikinti
sektorunda mənzillərin qiymətinin dəyişməsi
korrupsiyaya qarşı mübarizənin hansı səviyyədə
aparılmasından asılı olacaq: “Mənzil bazarında
müşahidə olunan vəziyyətin dəyişməsi tələb və
təklifin artması ilə deyil, xərclərin necə azalması
ilə bağlı olacaq. Proqnozlarımıza görə,
korrupsiyaya qarşı mübarizə davamlı olarsa, bu,
Bakıda mənzillərin qiymətlərinin 40 faiz
ucuzlaşmasına gətirib çıxaracaq”.
|