|
Əhalisinə
satdığı qazı ucuzlaşdıran Rusiya Avropaya baha
qiymətə mavi qaz satmağa hazırlaşır
Fuad Çıraqov: “Proseslər Avropanın Rusiyadan
enerji asılılığının hələ uzun müddət qalacağını
göstərir”
Rusiya 2011-ci ildə Avropaya
satdığı qazın qiymətini artıracaq. “Qazprom”un idarə
heyətinin sədr müavini Aleksandr Ananenkov bu il
avropalı istehlakçılara "mavi yanacağ"ın 1000
kubmetrinin orta hesabla 352 dollara satılacağını
bildirib. Bu da 2010-cu ildəki qiymətdən təqribən 45
dollar yüksəkdir. Proqnozlara görə, “Qazprom” il
ərzində bu regiona 151,5 milyard kubmetr qaz nəql
edəcək. Yaxın xaricə ixrac olunacaq yanacağın
qiyməti isə orta hesabla 17 dollar artaraq 250
dollara çatacaq.
Onu da bildirək ki, Rusiya Azərbaycanın ən böyük
mavi qaz alıcılardan biridir. “Qazprom” cari ildə
alacağı qazın həcmini 2.5 dəfə artırmağı -
2 milyard kubmetrə
çatdırmağı düşünür. Diqqəti çəkən isə Rusiyanın
Azərbaycandan idxal etdiyi mavi qazın qiymətlərində
dəyişiklik planlaşdırmamasıdır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) ekspert
Fuad Çıraqov bildirir ki, “Qazprom” şirkəti rəsmi
şəkildə bu il təbii qaz satışından əldə etdiyi
gəlirlərin özünün tarixi maksimum həddinə
çatdıracağını bəyan edib: “Bu başlıca olaraq dünya
bazarında xüsusilə Avropa bazarında təbii qaza olan
tələbin artması və Avropa iqtisadiyyatının böhrandan
çıxması ilə əlaqələndirilir. Digər tərəfdən dünya
bazarında başlıca enerji təminatçısı Yaxın Şərqdə
siyasi vəziyyətin qeyri-stabilliyi də burada öz
rolunu oynayır. Göründüyü kimi, Rusiya bölgədə
yaranmış siyasi gərginlikdən maksimum bəhrələnməyi
və Avropanın özündən enerji asılılığını artırmağı
planlaşdırır”.
Rusiyanın hazırda Avropanın qaza olan ehtiyacının
23 fazini ödədiyini söyləyən F.Çıraqov deyir ki,
“Qazprom” 2011-ci ildə təbii qaz satışından 72,4
milyard dollar gəlir götürməyi planlaşdırır: “ Hansı
ki, bu 2008-ci il ilə müqayisədə 2,5 milyard çoxdur.
Göstərilən gəlirin 52,8 milyard dolları MDB –yə
daxil olmayan ölkələrin payına düşür”.
Ekspert həmçinin bildirir ki, “Qazprom” MDB (Azərbaycan
və Türkmənistan) ölkələrindən alacağı mavi qazın
qiymətini ötən ilki səviyyədə saxlamağı
planlaşdırır: “ “İxracın həcmini artırmaqla bağlı
planlar isə istisna olunmur. Bu il həmçinin
Ukraynadan və Belorusiyadan yan keçən, Baltik
dənizinin dibi vasitəsilə Rusiya və Almaniyanı
birləşdirən yeni qaz kəməri “Şimal xətti”nin açılışı
gözlənilir. Bütün bunlar bir daha Avropanın
Rusiyadan enerji asılılığının hələ uzun müddət
qalacağını və Rusiyanın bundan siyasi təzyiq
vasitəsi kimi istifadə edəcəyini göstərir”.
F.Çıraqovun sözlərinə görə, Rusiya daxili enerji
bazarında da bəzi qiymət dəyişiklikləri edib: “.
Belə ki, “Qazprom” və digər əsas enerji şirkətləri
müxtəlif markalı benzinin (2-2,5 rubl), dizelin və
aviakerosinin pərakəndə satış qiymətini aşağı
salıblar. Bəzi ekspertlər bunu mümkün sosial
narazılıqların qarşısının alınması üçün atıldığını
bildiriblər”.
Mütəxəssis hesab edir ki, əhalinin sosial rifahının
yaxşılaşdırılması tədbirləri çərçivəsində analoji
addım enerji istehsalçısı kimi Azərbaycanda da
nəzərdən keçirilməlidir.
|