|
|
|
|
“Qiymətlərin
Tənzimlənməsi ilə bağlı Prezident Fərmanına Ehtiyac
Var”
Vüqar Bayramov:
“Proseslərə müdaxilə edilməsə bu il ölkədə ərzaq
məhsullarının qiymət astronomik sürətlə yüksələcək”
Dünya bazarında bir sıra ərzaq
məhsullarının bahalaşmasının ardınca yerli
bazarlarda da analoji proses müşahidə edilməkdədir.
Diqqəti çəkən isə, taxıl, ət, süd, yağ və digər
ərzaq məhsullarının deyil, tərəvəz məhsullarının
qiymətinin qalxmasıdır. Hansıki bunda dünya
bazarında cəryan edən proseslərdən çox daxili
iqtisadi faktorların rolu var. Belə ki, inhisarçılar
dövlət başçısının 2011-ci ildə qiymət siyasətinin
tənzimlənməsi ilə bağlı göstərişinə baxmayaraq
qiymətlərdə yenə artımlara gediblər. Son bir həftədə
dünya bazarında 70 qəpiyə satılan bananın bir
kiloqramının qiyməti 4 manata qədər yüksəlib,
İqtisadçı-alim Vüqar Bayramov hesab
edir ki, rəsmi və eələcə də qeyri-rəsmi müzakirələr
inflyasiya dərəcəsinin bir rəqəmli olub-olmaması
üzərində deyil, qiymət artımlarına qarşı necə
mübarizə aparılması istiqamətində olmalıdır. Onun
fikrincə, antiinflyasiya tədbirləri ilə bağlı yeni
sənədin hazırlanmasına ehtiyac var: “Artıq qiymət
artımları iqtisadiyyatın ən ciddi problemlərindən
birinə çevrilib. Yeni sənəd prezident fərmanı ilə
təsdiq edilməli və iqtisadi qurumlar üçün xüsusi
vəzifələr müəyyənləşdirilməlidir. Fərmanla
nazirliklər və komitələr üzrə vəzifələrin
ayrı-ayrılıqda müəyyənləşdirilməsi vacibdir. Son
qiymət artımları göstərir ki, indiki metodlar ilə
inflyasiyaya qarşı mübarizə aparmaq mümkün olmayacaq.
Praktik olaraq, dövlət başçısının şifahi
göstərişlərinə baxmayaraq, hələ də hər ayın
yekununda qiymətlər əvvəlki aya nisbətən yüksəlir.
İndiki qiymət artımları gələn il üçün inflyasiya ilə
bağlı verilən proqnozları yalanlaycaq. Çünki yeni
ildən qiymət artımlarının davam etməsi ilə bağlı
psixoloji əsaslar var”.
V.Bayramov deyir ki, bir sıra
qanunvericilik aktlarının keyfiyyətinin yüksək
olmasına baxmayaraq, onların icrasında ciddi
nöqsanlar var. Məsələn, prezidentin “Azərbaycan
Respublikasında antiinflyasiya tədbirlərinin
gücləndirilməsi” haqqında 31 mart 2005-ci il tarixli
fərmanında nəzərdə tutulan tədbirlərin əksəriyyəti
həyata keçirilməyib: “Sənədlə məhsulların idxal,
topdan və pərakəndə satış qiymətlərinin
monitorinqinin aparılması nəzərdə tutulsa da, hələ
də bu sahədə heç bir ciddi addım atılmayıb. Və ya
tənzimlənən qiymətlərin son artımından sonra
prezident ailə gəlirlərinin hesablanması
qaydalarında düzəlişlərin edilməsi ilə bağlı
göstəriş verdi. Amma hökumət qurumları bu sahədə
redaktə xarakterli fəaliyyətdən başqa heç nə
etmədilər. Buna görə də yeni sənəd imzalandığı halda
onun icrasına xüsusi nəzarət həyata keçirilməlidir”.
İqtisadçı-alim təkcə yerli istehsal
məhsullarının deyil, idxal məhsullarının da
qiymətinin yüksək olduğunu vurğuladı: “Regionda
banan ən baha Azərbaycanda satılır. Böyük Britaniya
ilə müqayisədə banan 3 dəfəyə yaxın bahadır. Rusiya
ilə müqayisədə isə bu rəqəm 2,5 dəfə təşkil edir.
Praktiki adıçəkilən məhsulların qiymətinin baha
olması onların idxalındakı inhisarçılıqla bağlıdır”.
“İnhisarçılıq bazarlarda qiymətlərin
diqtə edilməsinə gətirib çıxarıb” deyən V.Bayramov
bildirir ki, ölkə prezidenti dəfələrlə
inhisarçılığa qarşı mübarizənin aparılması
istiqamətində göstəriş versə də, hökümət qurumları
bu yöndə ortaya real iş qoya bilməyiblər: “Bunun
nəticəsidir ki, inhisarçılıq Bakı bazarlarında
qiymətləri diqtə edən əsas faktordur”.
İnhisarçılıq aradan qaldırıldığı
təqdirdə istehlak bazarlarında nələrin dəyişəcəyinə
gəlincə, mütəxəssis bildirir ki, kənd təsərrüfatı
məhsullarının qiymətləri tez bir zamanda aşağı
düşər: “İdxal ölkələrindəki qiymətlərin müqayisəsini
və Azərbaycanda tətbiq edilən idxal rüsumlarını
nəzərə alsaq inhisarçılığın aradan qaldırılması
ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin
2 dəfə aşağı düşməsinə səbəb olar. İnhisarçılığn
aradan qaldırılması yalnız qiymət azalmalarının baş
verməsinə deyil, bazarda idxal məhsullarının
qıtlığının aradan qalxmasına gətirib çıxaracaq”.
|