|
|
|
|
İSİM
bir sıra dövlət qurumlarının ləğvini təklif edir
Vüqar Bayramov: “Ölkədə korrupsiyasız mühitə nail
olmaq üçün idarəetmə aparatında institusional və
struktur islahatlara ehtiyac var”
Nazirliklərdə anti-korrupsiya müşavirələri davam
etməkdədir. Hələlik ortada olan nəticə bir sıra
qurumlarda vəzifə öhdəliklərinin icrası zamanı
korrupsiyaya yol verən kadrların işdən azad
edilmələri, həbslərdir. Antikorrupsiya
tədbirlərinin ölkə iqtisadiyyatına, bazarın
seqmentlərinə necə təsir edəcəyi sual olaraq
qalmaqdadır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM)
rəhbəri Vüqar Bayramov korrupsiyaya qarşı
mübarizənin daha səmərəli aparılması üçün təkcə
inzibati metodları deyil, institusional və struktur
islahatların aparılmasını vacib sayır. Onun
sözlərinə görə, beynəlxalq maliyyə qurumları
dəfələrlə struktur islahatlarının aparılması
təklifləri ilə çıxış ediblər: “ Müəyyən dövrlərdə
struktur islahatları diqqəti çəksə də son illər
Azərbaycanda idarəetmə strukturunun dəyişməsinə
yönələn islahatlar hələlik aparılmır. Struktur
islahatlarının aparılmaması bürokratik aparatın
şişməsinə, korrupsiya imkanlarının genişlənməsinə
zəmin yaradıb. O baxımdan korrupsiyaya qarşı
mübarizənin ciddi şəkildə aparılması məqsədilə
idarəetmə aparatında institusional və struktur
islahatlara ehtiyac var. Yalnız bu islahatları
aparmaqla korrupsiyaya qarşı mübarizəni gücləndirmək
mümkündür”.
V.Bayramovun fikrincə, idarəetmə aparatının
səmərəliliyinin qorunması, bürokratik əngəllərin və
korrupsiya hallarının qarşısının alınması üçün bir
sıra dövlət qurumları birləşdirilməli, bəzi
idarələrə isə müstəqil dövlət qurumu statusu
verilməlidır: “Struktur islahatları iqtisadi
idarəetmənin müxtəlif sektorlarını əhatə etməlidir.
İslahatlar nəticəsində “Azərsu” " ASC , Meliorasiya
və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti ləğv edilərək,
hər iki qurumun bazasında yeni agentliyin – Dövlət
Su Agentliyinin yaradılmasını, “Azərenerji”SC-nin
Dövlət Neft Şirkətinə birləşdirilməsini, Dövlət
Gömrük Komitəsinin ləğv edilərək Vergilər
Nazirliyinin tərkibində idarə formasında fəaliyyət
göstərməsini, Kənd Təsərrüfatı Nazirliyinin ləğv
edilərək İqtisadi İnkişaf Nazirliyinin tərkibinə
verilməsini, Sosial Müdafiə Fondunun ləğv edilərək
departament şəklində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə birləşdirilməsini, eləcə də
İqtisadi İnkişaf Nazirliyinin tərkibindəki
Antiinhisar Departamentinin nazirlikdən ayrılaraq
Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını
təklif edirik”.
İqtisadçı MDB-nin əksər ölkələrində Rəqabətin
Müdafiəsi Agentliyinin fəaliyyət göstərdiyini
diqqətə çatdırır: “Agentliyə bazara müdaxilə,
inhisar hallarının qarşısının alınması üçün ciddi
səlahiyyətlərin verilməsinin təmin olunmasını təklif
edirik.Bundan əlavə Sənaye və Energetika
Nazirliyinin ləğv edilərək, funksiyalarının bir
qisminin Neft Şirkətinə verilməsini, o cümlədən
İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq
Energetika Departamentinin formalaşmasının təmin
olunmasını təklif kimi irəli sürürük. Sahibkarlıq
subyektləri və əhali ilə daha çox işləyən
nazirliklərdə müşahidə şuraları yaradılmalıdır.
Həmin şuraların tərkibinə yalnız dövlət
qurumlarının deyil, vətəndaş cəmiyyəti
institutlarının nümayəndələri daxil edilməlidir”.
İSİM rəhbərinin fikrincə, struktur dəyişikliklərinin
aparılması idarəetmə aparatının daha sağlam, çevik
işləməsinə imkan verə bilər: “Bu, korrupsiya
hallarının qarşısının alınması ilə bağlı
uzunmüddətli, dayanıqlı mübarizənin təmin olunmasına
imkan yarada bilər”.
|