|
|
|
|
Hökümətin
korrupsiyaya qarşı mübarizəsi nə ilə nəticələcək?
Vüqar Bayramov: “Həm idxal, həm də yerli istehsal
məhsullarının qiyməti 30 faiz azala bilər”
Ötən həftə bir sıra nazirliklərin anti-korrupsiya
müşavirələri ilə yadda qaldı. Azərbaycan reallıqları
üçün xarakterik olmayan bu iclasların nəticəsi
olaraq bir sıra dövlət qurumlarında kadr islahatları
həyata keçirildi və daxili nəzarət gücləndirildi.
Eyni zamanda gömrük, vergi sistemində əlavə
ödənişlərin aradan qaldırılması isitiqamətində
islahatlara start verildi. Məlumatlara görə,
müşavirələrdən sonra gömrükdə idxal qiymətləri
qanunvericilikdə nəzərdə tutulan rüsumlar üzrə
sənədləşdirilməyə başlanılıb. Sual doğuran məqam
isə bu islahatların istehlak, eləcə də bazarın digər
seqmentlərinə təsirlərinin nədən ibarət olacağıdır.
Çünkı müstəqil ekspertlərin araşdırmalarına görə,
bəzi məhsulları üzrə üzrə idxal, gömrükdən çıxış və
pərakəndə satış qiymətləri arasında 6-12 dəfəyədək
fərqlər var. Belə ki, əgər kərə yağının gömrük
dəyəri 1,89 manatdırsa, gömrükdən çıxış dəyəri 2,56
manat, pərakəndə qiyməti 3,95 manatdır. Hansıki,
burda kənarlaşma 153,84 faiz təşkil edir.
Onu da qeyd edək son bir ildə ölkədə inflyasiyanın
tempi artmağa başlayıb. Bu ilin yanvar ayında
istehlak mallarının qiymətləri və xidmət tarifləri
2010-cu ilin dekabr ayı ilə müqayisədə 0,8 faiz
bahalaşıb. Dövlət Statistika Komitəsinin
açıqlamasına əsasən, ay ərzində ərzaq məhsullarının
qiymətləri 1,5 faiz qalxıb. Bu arada nəzərə alsaq ki,
dünya bazarında taxıl, ət, süd, yağ və digər ərzaq
məhsullarının qiyməti bahalaşıb və təkcə şəkərin
qiyməti son 30 ildə rekord həddə çatıb,
antikorrupsiya tədbirləri gücləndirilməzsə,
Azərbaycanda istehlak qiymətləri daha yüksək ola
bilər.
İqtisadçı-alim Vüqar Bayramov bildirir ki,
korrupsiyaya qarşı mübarizənin aparılması
Azərbaycanın pioritet məsələlərindən hesab edilir.
Azərbaycan korrupsiya səviyyəsinə görə, beynəlxalq
şəffaflıq təşkilatının hesabatlarında ən çox
korrupsiyaya uğramış ölkələrdən biri kimi
qiymətləndirilir. Eyni zamanda ölkədə aparılan
sorğular da göstərir bəzi dövlət qurumlar praktik
olaraq korrupsiyalaşmış qurumlara çevriliblər.
Korrupsiyaya qarşı mübarizənin aparılmasında müəyyən
çatışmazlıqlar hələ də qalmaqdadır”.
V.Bayramov qeyd edir ki, antikorrupsiya tədbirləri,
eləcə də bu sahədə atılan addımlar iqtisadiyyatın
sağlamlaşdırılmasına xidmət edə bilər. O ki qaldı
korrupsiyaya qarşı mübarizənin istehlakçıların
sosial rifahına təsirlərinə, iqtisadçı deyir ki,
korrupsiya, rüşvətxorluq birmənalı şəkildə
vətəndaşların sosial vəziyyətinə təsir göstərir: “
Bu yalnız onunla bağlı deyil ki, vətəndaşlardan bir
sıra hallarda ödənişlər tələb edilir və ya
korrupsiya əlavə xərclər yaradır. Korrupsiya
iqtisadiyyatın, xüsusilə kiçik biznesin inkişafını
tormuzlayır. Eyni zamanda korrupsiya real sektorda
istehsal edilən məhsulların maya dəyərinin süni
şəkildə yüksəlməsinə gətirib çıxarır. Azərbaycanda
korrupsiyanın və ya qeyri-rəsmi ödənişlərin, eləcə
də inhisar səviyyəsinin çox olmas nəticəsində
istehlak bazarında qiymətlər nəinki qonşu ölkələr,
hətta Mərkəzi və Şərqi Avropa ölkələri ilə
müqayisədə yüksəkdir”.
Mütəxəssisin fikrincə, korrupsiyaya qarşı
mübarizənin aparılması təkcə iqtisadiyyatın
sağlamlaşdırılması deyil, istehlak bazarında
qiymətlərin aşağı salınması baxımından da
əhəmiyyətlidir: “Əgər antikorrupsiya tədbirləri
davam edərsə və bu proses sistemli şəkildə
aparılarsa, o zaman istehlak bazarında qiymətlər
kəskin azalacaq. Tədqiqatlar göstərir ki,
korrupsiya, qeyri-rəsmi ödənişlər istehsal edilən
ərzaq və qeyri ərzaq məhsullarının dəyərinin süni
şəkildə kəskin yüksəlməsinə gətirib çıxarır. Konkret
olaraq, pomidor istehsal edən rayonlarda apardığımız
tədqiqat bu məhsulun maya dəyərinin təxminən 30
faizinin, yəni 3/1-nin qeyri-rəsmi ödənişlər təşkil
etdiyini deməyə əsas verir”.
Ekspertin sözlərinə görə, bir sıra məhsulların
istehsalında korrupsiya və rüşvətin payı 50 faizə
yaxındır: “Korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsi, qeyri-rəsmi ödənişlərin aradan
qaldırılması istehsal edilən məhsulların maya
dəyərinin azalmasına, süni şəkildə yaranan xərclərin
aradan qalxmasına gətirib çıxarar. Nəticədə ölkə
daxilində qiymətlər azalar. Eyni problem idxal
edilən məhsullarla da bağlıdır. İdxal ediləın
məhsullarda qeyri-rəsmi ödənişlərin payı kifayət
qədər yüksəkdir. Bu da istehlak bazarında xaricdən
gətirilən məhsulların qiymətinin baha olmasını
əsaslandırır”.
V.Bayramov bildirir ki, korrupsiyaya qarşı mübarizə
həm idxal, həm də yerli istehsal məhsullarının
qiymətinin 30 faiz azalmasına səbəb olacaq: “Nəzərə
alsaq ki, 2011-ci ildə dünya bazarında ərzaq
qıtlığının olması və qiymət artımlarının olacağı
proqnozlaşdırılır bu baxımdan da antikorrupsiya
tədbirlərinin gücləndirilməsi vacibdir. Ümumiyyətlə
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi
Azərbaycanı dünya bazarında gözlənilən qiymət
artımlarından müəyyən qədər sığortalaya bilər”.
|