|
|
|
|
Mərkəzi Bank bu gündən monetar siyasətini dəyişir
Vüqar Bayramov; “Yeni mexanizm pul-kredit
siyasətində hər hansı dəyişikliklərə səbəb olmayacaq”
Mərkəzi Bank pul və məzənnə siyasətini
təkmilləşdirmək istiqamətində həyata keşirdiyi
tədbirlərin davami olaraq manatın məzənnəsinin
hədəflənməsinin müxtəlif variantları nəzərdən
keçirir. Bu gündən
MB
dollar/manat məzənnəsinə keçib.
Çünki, ölkənin birnömrəli bankı
hazırkı şəraitdə dollar/manat məzənnəsinin
hədəflənməsini
MB-nin məqsədləri
və
inflyasiya səviyyəsinə təsir göstərmək
baxımından
daha çox uzlaşdığını
hesab edir. Qurumdan deyilir ki, bu mexanizm
kommunikasiya baxımından əlverişli olmaqla yanaşı
Mərkəzi Bankın uzunmüddətli perspektivdə sərbəst
üzən məzənnə rejiminə keçmək imkanlarını artırır.
Xatırladaq ki, 2008-ci ilin mart ayından etibarən
Mərkəzi Bank məzənnə siyasətini Avro və ABŞ
dollarının daxil olduğu bivalyuta səbəti dəyərinin
hədəflənməsi vasitəsilə həyata keçirir. Ötən müddət
ərzində bu mexanizm qlobal valyuta bazarındakı
prosesləri yerli məzənnələrə sirayət etdirməklə
manatın çoxtərəfli məzənnəsinə nəzarət imkanlarını
artırıb. Lakin, son vaxtlar aparıcı valyutaların
məzənnələrindəki volatilliyin daha da kəskinləşməsi,
inkişaf etməkdə olan ölkələr tərəfindən milli
valyutaların qarşılıqlı dəyərsizləşdirilməsi və
maliyyə sabitliyi hədəfinin prioritetliyi ilə
səciyyələnən yeni şərait məzənnə siyasətinin
taktikasına dəyişiklik etmək zərurəti yaradıb.
MB-nın son qərarını şərh edən iqtisadçı-alim Vüqar
Bayramov iki ilə yaxındır Mərkəzi Bankın məzənnə
siyasətini Avro və ABŞ dollarının daxil olduğu
bivalyuta səbəti dəyərinə əsasən müəyyənləşdirdiyini
deyir: “Eləcə də manatın ABŞ dollarına birbaşa kursu,
digər valyutalara, avroya çarpaz kursu
müəyyənləşdirilirdi. Baxmayaraq ki, avronun dollara
nisbətən məzənnəsinin dəyişməsi manatın avroya və
dollara nisbətən məzənnəsinin dəyişməsinə gətirib
çıxarırdı. Faktiki Mərkəzi Bank manatın məzənnəsini
bivalyuta səbətinə əsasən müəyyənləşdirdiyini bəyan
etsə də daha çox dollara nisbətən birbaşa məzənnə
əsasında manatın digər valyutalara nisbətən
məzənnəsini müəyyənləşdirirdi”.
İqtisadçının fikrincə, MB-nın yeni sistemə keçməsi
valyuta bazarında, o cümlədən monetar siyasətdə hər
hansı dəyişikliyə gətirib çıxarmayacaq: “Mərkəzi
Bank dollar/manat ikitərəfli hədəflənməsini həyata
keçirir. Bankın inzibati yolla vahid məzənnə
siyasəti həyata keçirdiyini nəzərə alsaq, adətən bu
halın baş verdiyi və sərt pul-kredit siyasətinin
həyata keçirildiyi ölkələrdə dollara hədəflənən
məzənnə siyasəti effektli olmur. Bu daha çox formal
xarakter daşıyır. Belə ki, ölkənin Mərkəzi Bankı
inzibati yolla öz milli valyutasının məzənnəsini
müəyyənləşdirirsə, o zaman sərbəst üzən məzənnə
rejiminin tətbiqi real deyil. O baxımdan Mərkəzi
Bankın tətbiq etdiyi yeni siyasət sərbəst üzən
məzənnə rejiminin Azərbaycanda tətbiqi üçün real
imkanlar yaratmır”. Bunun səbəblərinə toxunan
ekspert qeyd edir ki, MB-nın sərt monetar siyasəti
valyuta bazarında manatın məzənnəsinin
möhkəmlənməsinə gətirib çıxarsa da, manatın
məzənnəsinin dollara nisbətən sərbəst
müəyyənləşdirilməsi üçün hər hansı imkan yaratmir:
“Manatın məzənnəsi sərbəst müəyyən edilsə də bu,
manatın dollara nisbətən indiki məzənnəsinin qorunub
saxlanması ilə sonunclanmayacaq. Baxmayaraq,
Mərkəzi Bankın hesablamalarında manatın dollara
nisbətən indiki məzənnəsinin bazarın
müəyyənləşdirdiyi real məzənnədən aşağı olduğu
bildirilir, sərbəst valyuta rejiminə keçilməsi
manatın dollara nisbətən məzənnəsinin kəskin aşağı
düşməsinə gətirib çıxaracaq”.
V.Bayramov bildirir ki, manatın məzənnəsi inzibati
yolla müəyyənləşdirildiyi üçün manatla bağlı müəyyən
psixoloji gərginlik var:” Hətta neft satışından
ölkəyə böyük həcmdə dollar kütləsi daxil olsa da,
dolların manata təzyiqi valyuta bazarında hər zaman
hiss edilməkdədir. Belə ki, dünya bazarında dolların
məzənnəsinin aşağı düşməsi müşahidə edildiyi halda
da bu heç də psixoloji baxımdan dolların
Azərbaycanın valyuta bazarında mövqelərinin
sarsılmasına gətirib çıxarmayıb.Mərkəzi Bank tətbiq
etdiyi yeni mexanizmin davamı olaraq sərbəst üzən
məzənnə rejiminə keçərsə, manatın dollara nisbətən
məzənnəsi kəskin düşər.Hesablamalar göstərir ki, bu
halda manatın dollara nisbətən məzənnəsi 2 dəfə
azalar. Hətta qısa müddətdə 1 dollar 2 manat
məzənnəsinə dəyişdirilə bilər”.
Dollar/manat məzənnəsinin hədəflənməsinin
inflyasiya səviyyəsinə təsir göstərmək üçün
hesablanmasına gəlincə, iqtisadçı deyir ki,
Azərbaycanda monetar siyasətlə inflyasiya
səviyyəsinə təsir göstərmək imkanları məhduddur:
“Yeni tətbiq edilən mexanizm inflyasiya səviyyəsinin
cilovlanmasına və ya aşağı düşməsinə gətirib çıxara
bilməz. Çünki, Azərbaycanda inflyasiya səviyyəsinin
müəyyənləşdirilməsi nə monetar siyasətin, nə də
bazarın müəyyən etdiyi iqtisadi səbəblərlə bağlı
deyil. Ölkədə inflyasiya səviyyəsi daha çox
qeyri-bazar faktorları ilə bağlıdır. Bu halda
monetar siyasətin inflyasiya səviyyəsinə təsir
göstərməsi inandırıcı görsənmir”.
Ekspertə görə, yeni mexanizm o zaman inflyasiya
səviyyəsinə təsir edər ki, ölkədə inflyasiya sırf
bazar fartorları əsasında müəyyənləşər.
V.Bayramovun fikrincə, Mərkəzi Bank avro və dolların
dünya bazarında məzənnəsinin dəyişməsindən
ehtiyatlanaraq yeni mexanizmin tətbiqinə başlayıb:
“Avronun məzənnəsinin dəyişməsi manatın avroya
nisbətən məzənnəsinin dəyişməsinə gətirib çıxarır.
Amma nəzərə almaq lazımdır ki, manatın dollara və
avroya məzənnəsi süni məzənnədir. Bu Mərkəzi Bankın
denominasiya nəticəsində iqtisadi baxımdan
əsaslandırılmayan məzənnə siyasətinə əsasən müəyyən
etdiyi kursdur. Avronun və dolların məzənnəsinin
dəyişməsi manatın möhkəmlənməsinə səbəb olmaqla
yanaşı manatın dönərli valyutaya çevrilməsini
stimullaşdırmır. Misal üçün, bu gun manatın
məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, manat
regional valyuta rolunu oynaya bilmir. Hərçənd ki,
region ölkələri arasında manatın dollara nisbətən
məzənnəsi daha yüksəkdir. Bütün bunları nəzərə
alsaq yeni mexanizm pul-kredit siyasətində hər hansı
dəyişikliyə gətirib çıxarmayacaq. Ən əsası isə bu
mexanizm Mərkəzi Bankın inzibati müdaxilə metodu ilə
zidiyyət təşkil edir. Yaxın illərdə Azərbaycanda
sərbəst məzənnə rejiminin tətbiqi qeyri-realdır. Nə
Mərkəzi Bank, nə də valyuta bazarı bu sistemə keçidə
hazır deyil”.
|