|
İlin iqtisadi yekunları; müstəqil baxış
2010-cu il başa çatmaq üzrədir. Ekspertlərin rəyinə
görə, cari il Azərbaycan iqtisadiyyatında böhran
meyillərinin azalması ilə yadda qalıb. Bununla belə
bank sektoru likvidlik problemi yaşayıb,
2008-2009-cu illərdə qeydə alınan defilyasiyadan
sonra sonra inflyasiyanın tempində artım baş verib.
2010-cu il kənd təsərrüfatının inkişafı baxımından
da əlverişli olmayıb.Belə ki, bu sektorda istehsal
əvvəlki ilə nisbətən kəskin azalıb.
İlin iqtisadi yekunlarını dəyərləndirən İqtisadi və
Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar
Bayramov bildirir ki, 2010-cu il üçün Azərbaycan
iqtisadiyyatını qiymətləndirən zaman xarici amillər
əsas faktorlar kimi nəzərə alınmalıdır. Belə ki,
cari il ölkə iqtisadiyyatı üçün nisbətən stabil
keçdi: “ Ümumi daxili məhsulun 2010-cu ilin yekununa
4,8 faiz artımın olacağı proqnozlaşdırıldı ki, bu da
MDB ölkələri arasında kifayət qədər yüksək artım
kimi qiymətləndirilə bilər. Eyni zamanda, büdcə
siyasəti kifayət qədər stabil oldu ki, bu da
investisiya və sosial proqramların
maliyyələşdirilməsində problemlərin yaşanmasına
imkan vermədi. Azərbaycan bu il regional iqtisadi
layihələrin reallaşdırılmasında kifayət qədər fəal
oldu. Lakin istər ümumi daxili məhsulda, istərsə də
sənaye istehsalında artımların olmasına baxmayaraq
Azərbaycan iqtisadiyyatı üçün ənənəvi problemləri
həll etmək mümkün olmadı. Xüsusən, biznesdə
rəqabətin bərpa olunması, qeyri-neft sektorunun inkişafını
stimullaşdıran dolayı proqramların həyata
keçirilməsi, korrupsiya və inhisara qarşı
mübarizənin aparılması və sair problemlər
qalmaqdadır. 2009-cu ilin yekunlarını
qiymətləndirən zaman da bildirmişdik ki, 2010-cu il
üçün əsas pioritet məsələlərdən biri sözügedən
ənənəvi problemlərin aradan qaldırılmasına, eləcə də
yumuşaldılmasına nail olmaqdir”.
İqtisadçı- alim cari ili istehlak qimətlərinin,
eləcə də ümumi daxili məhsulun və gəlirlərin artımı
baxımından Azərbaycan iqtisadiyyatı üçün stabil
hesab edir: “Dövlət Statistika Komitəsinin təyin
etdiyi rəqəmlərdə 2010-cu ildə inflyasiya
səviyyəsinin 5,5 faiz olacağı proqnozlaşdırılıb.
Müşahidələr, tədqiqatlar isə real inflyasiya
səviyyəsinin Statistika Komitəsinin açıqladığı
rəqəmdən daha yüksək olduğunu göstərir”.
V.Bayramov 2010-cu ildə Azərbaycanda real
inflyasiya səviyyəsinin 9 faiz olacağını söyləyir.
Onun sözlərinə görə, , inflyasiya səviyyəsi 9 faiz
təşkil etsə də, bu istehlak bazarında tarazlığın
pozulmasına gətirib çıxarmayacaq. Bununla belə
mütəxəssis qeyd edir ki, 2010-cu ilin ən çox axsayan
sektoru kənd təsərrüfatı olub. Cari ildə kənd
təsərrüfatı istehsalının həcmi bitkiçilik sahəsində
9 faiz, buğda istehsalında 25 faiz, kartof
istehsalında 4 faizə yaxın aşağı düşüb.Yalnız
heyvandarlıq sahəsində 7 faizə yaxın artım qeydə
alınıb. Bütövlükdə 2010-cu ildə aqrar sektorda
istehsal 2009-cu illə müqayisədə azalıb.
ISİM rəhbəri 2010-cu ildə diqqəti çəkən müsbət məqam
kimi qeyri-neft ümumi daxili məhsulun artımının
neft ümumi daxili məhsulun, o cümlədən ümumi
daxili məhsulun artımına nisbətən daha çox olmasını
göstərir: “ 2010-cu il üçün qeyri-neft sektorunda
ümumu daxili məhsulun arıtımı 6 faiz
proqnozlaşdırılıb. Bu da ümumi daxili məhsulda neft
sektorunun payının azalmasına, qeyri-neft sektorunun
payınını artmasına gətirib çıxara bilər”.
Qeyri-neft sektoruna yönələn investisiya
qoyluşlarının həcmi artıb
İqtisadçı-alim Azərbaycan iqtisadiyyatında xarici
investisiya qoyluşlarının azaldığını vurğulayır.
Bunun səbəbi kimi nefr sektoruna yönəldilən
investisiya qoyluşlarının azalmasını göstərir:
“Xarici investisiyaların həcmi 2005-ci ildən
başlayaraq azalmağa başlayıb. Əgər 2005-ci ildə ölkə
iqtisadiyyatına 3,7 milyard xarici investisiya
qoyulmuşdusa, 2006-cı ildə bu rəqəm 3,3 milyard,
2007-ci ildə 2,9 milyard , 2008-ci ildə 2,2 milyard,
2009-cu ildə 1,7 milyard təşkil edib. 2010-cu ildə
isə bu rəqəmin 1, 5 milyard dollar olması
proqnozlaşdırılır. Xarici investisiya qoyuluşlarının
azalmasına baxmayaraq, daxili investisiya
qoyluşlarının həcmində artımlar müşahidə edilib.
Belə ki, 2005-ci ildə 2,1 milyard dollar, 2006-cı
ildə daxili investisiya qoyuluşları 3,9 milyard
dollar, 2007-ci ildə 4,7 milyard dollar, 2008-ci
ildə 7,7 milyard dollar, 2009-cu ildə 6,1 milyard
dollar olub. 2010-cu ildə daxili investisiya
qoyuluşlarının 2009-cu ilə nisbətən artması
proqnozlaşdırılıb”.
V.Bayramov bildirir ki, əsas kapitala yönələn xarici
investisiya qoyluşları azalsa da qeyri-neft
sektoruna yönələn investisiyaların həcmi artıb: “
2010-cu ildə bütövlükdə investisiya qoyluşlarının 70
faizinin qeyri-neft sektoruna yönəldilməsi nəzərdə
tutulub. Bunun da əsas hissəsini dövlət büdcəsindən
həyata keçirilən investisiya qoyuşları təşkil edib”.
Kredit və depozit faizləri azaldıldı
Mərkəzi Bankın məlumatlarına istinad edən
V.Bayramov bank sektorunda aktivlərin artdığını
söyləyir: “2010-cu ilin yekunlarına görə, bank
aktivlərinin payı 12 milyard manata qədər
yüksələcək. Baxmayaraq ki, aktivlərin 5 milyard
manatdan artığı Beynəlxalq Bankın payına düşür.
Hansıki, bu Azərbaycanda olan bank aktivlərinin 42
faizinin yalnız bir bankın payına düşməsi deməkdir.
Mərkəzi Bankın məlumatlarında istər bank
aktivlərinin həcmində, istərsə də əmanət
qoyuluşlarında artımların müşahidə edildiyi qeyd
olunub. Maliyyə qurumu bunu müsbət hal kimi
qiymətləndirib. Lakin nəzərə almaq lazımdır ki,
aktivlərin payı artsa da, bank sektorunda ənənəvi
problemlər qalıb. Problemli kreditlərin həcmi 450
milyon manatı ötüb. Bu rəqəm 2010-cu ildə problemli
və geri qaytarılmayan kreditlərin həcminin 40 faiz
artmasından xəbər verir”.
Məlum olur ki, problemli kreditlərin həcminin
artmasında kommersiya banklarının da rolu az
olmayıb: “Cari il kommersiya bankları problemli
kreditlərin həlli ilə bağlı daha çox inzibatı
metodlardan istifadəyə səy göstəriblər.Hətta Ədliyyə
Nazirliyi kreditləri qaytara bilməyən şəxslərin
ölkəni tərk etməmələri istiqamətində qərar qəbul
edib. Kommersiya banklarının inzibati yollara
üstünlük verməklə problemin həllinə nail olmağa
çalışması 2010-cu ildə problemin daha da
dərinləşməsinə səbəb olub”.
İqtisadçı hələ ilin əvvəlində inzibati yolla
problemin həllinə çalışılmasının problemi
dərinləşdirəcəyini proqnozlaşdırdıqlarını
xatırladır: “ Bütün bunlara baxmayaraq banklar
Rusiya və Ukraynada olduğu kimi stimullaşdırıcı
metodlardan istifadə etmədilər. Problemli
kreditlərin dərinləşməsinə səbəb olan ağır və
inzibati metodlardan faydalandılar Bununla da
problemli kreditlərin yaranmasında bankların rolu
böyük oldu.
2010-cu ildə son illər ilk dəfə Mərkəzi Bank iki
bankın- "Debütbank" ASC və "Kövsərbank" ASC-yə bank
əməliyyatlarının aparılması üçün verilmiş
lisenziyaları ləğv etdi. Cari il üçün bank
sektorunun təhlili bank funksiyalarını tam yerinə
yetirə bilməyən bankların sayının kifayət qədər çox
olduğunu göstərir. O baxımdan 2011-ci ildə
lisenziyası geri alınan bankların sayında artımlar
müşahidə ediləcək”.
V.Bayramova görə, 2010-cu ildə kommersiya bankları
bazarda olan təklifi tam olaraq qarşılaya bilməsələr
də belə kredit faizlərinin azaldılması istiqamətində
addımlar atıldı. Bu həm də əmanətlər üzrə faiz
dərəcələrinin aşağı salınması ilə bağlı oldu. Belə
ki, Əmanətlərin Sığortalanması Fondu sığortalanan
əmanətlər üzrə faiz dərəcəsini 15 faizdən 12 faizə
endirdi: “ Bu da kredit bazarında təklif edilən
kredit faizlərinin azalmasına gətirib çıxardı.
Kredit faizlərinin azalmasına baxmayaraq, proses
real sektora ciddi təsir göstərə bilmədi. Bu da
birbaşa bankların likvidliyinin hələ də aşağı
olması ilə bağlıdır. Banklar bazarda kreditlərə olan
tələbatı ödəyə bilmirlər”.
Tikinti sektorunda durğunluq davam edib
İSİM rəhbəri deyir ki, 2010-cu ildə tikinti
sektorunda durğunluğun aradan qaldırılacağı
gözlənilsə də bu baş vermədi. Mənzil bazarında
bazarında qiymətlərin azalması müşahidə edildi: “
Əslində mənzillərin qiymətinin azalması
proqnozlaşdırılırdı. Çünki mənzil bazarında
tələbatın azalmasının qiymətlərə təsiri gözlənilən
idi. Digər tərəfdən tələbatın azalması ilə paralel
bu sektora yönəldilən kreditlərin azalması,
şirkətlərin kredit əldə etmək istiqamətində
çətinlikləri tikinti sektorunda durğunluğun
2010-cu ildə də davam etməsinə gətirib çıxarıb. Yeri
gəlmişkən, 2011-ci ilin birinci yarısında da
tikinti sektorunda durğunluğun davam edəcəyi
gözlənilir. Eyni zamanda mənzillərə olan tələbatın
artması proqnozlaşdırılmır”.
Büdcə Siyasəti daha Stabildir
Büdcə sisteminə gəlincə, 2010-cu ilin dövlət
büdcəsini şərh edən iqtisadçı büdcənin gəlirlərinin
11 505 mln manat, xərclərinin 12 275,3 mln. manat
təşkil etdiyini xatırlatdı. Onun fikrincə, 2010-cu
ilin dövlət büdcəsi ötən ilin dövlət büdcəsinə
nisbətən daha stabil hesab edilir: “Dövlət
büdcəsinin gəlirlər hissəsinin formalaşmasında
problem olmadı. Əksinə, 2010-cu ilin iyun ayında
büdcəyə əlavə və dəyişikliklərin edilməsi
istiqamətində parlament qərar qəbul etdi. Bununla da
büdcənin gəlirlərinə 1 490 mln manat, xərclərinə 1
011,3 mln manat əlavə olundu. Nəticədə büdcənin
gəlirlər hissəsinin formalaşmasında, eləcə də büdcə
xərclərinin yerinə yetirilməsində, investisiya
proqramlarının rmaliyyələşdirilməsində problemlərin
oolmaması büdcə ilinin daha stabil olmasına gətirib
çıxardı”. 2009-2010-cu il üçün bübcə xərclərinin
müqayisəsini aparan ekspert deyir ki, əgər ötən il
büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının,
eləcə də təqaüdlərin artırılması istiqamətində qərar
qəbul etmək mümkün olmamışdısa, cari ildə bütün
sektorlar üzrə 10-15 faizlik artımlara gedilib:
“Bununla belə 2010-cu il büdcə siyasətinin səhv
tərəfi Dövlət Neft Fondunun büdcədə payının artması
oldub. 2010-cu ildə büdcəyə fonddan büdcəyə 6.4
milyar manat vəsait transfert edildi”.
V.Bayramov deyir ki, neft sektoru və Neft Fondu
büdcənin gəlirlərinin formalaşmasında aparıcı mənbə
kimi qalsa da 2009-cu illə müqayisədə vergidən
ödənişlərdə defisit olmayıb: “Diqqəti çəkən
məqamlardan biri Azərbaycanın dövlət büdcəsinin
digər qonşu ölkələrin dövlət büdcəsindən çox
olmasıdır. 2010-cu ildə Ermənistanın dövlət büdcəsi
2,2 milyard dollar, Gürcüstanın dövlət büdcəsi 3,8
milyard dollar təşkil edib. Praktiki Azərbaycanın
dövlət büdcəsi iki ölkənin büdcəsində 3 dəfə
artıqdır”.
Ən çox axsayan sektor
İqtisadçı kənd təsərrüfatı sektorunu cari ildə ən
zəif inkişaf etmiş sektor kimi qiymətləndirir:
“Dövlət Statistika Komitəsinin məlumatına görə,
yalnız bu sektorda artım qeydə alınmayıb. Bunun
səbəblərinə gəlincə, fermerlərə subsidiyaların
verilməsinin yubadılması onlara xərclərini zamanında
qarşılamasına imkan vermədi, o cümlədən strateji
məhsulların istehsalının stimullaşdırılması ilə
bağlı atılan addımların sayı az oldu. Təbii, kənd
təsərrüfatı məhsullarının istehsalının azalmasında
iqlim dəyişikliyini və daşqınları qeyd etməmək olmur”.
Bütün hallarda taxıl istehsalının azalmasını arzuolunan
hesab etməyən ekspert xüsusilə 2009-cu ildə
Azərbaycanda rekord səviyyədə taxıl istehsal
edildiyini xatırladır: “ 2010-cu ildə bu istehsal
səviyyəsinin qorunub saxlanmaması Azərbaycanın taxıl
idxalından asılılığını artırdı”.
2011-ci ilin iqtisadi gözləntiləri
İSİM rəhbəri 2011-ci il Azərbaycan iqtisadiyyatının
2010-cu ildəkindən fərqlənməyəcəyini proqnozlaşdırır:
“2011-ci ildə də ölkə iqtisadiyyatı stabil olacaq.
Ümumi daxili məhsulda artım faizinin azalması
proqnozlaşdırılsa da, gələn il qeyri-neft ümumi
daxili məhsulda artım 2010-cu ilə nisbətən daha çox
olacaq. Həmçinin 2011-ci ilin büdcəsinin gəlir və
xərclər hissəsinin icrasında problem yaşanmayacaq.
Hətta büdcənin gəlirlərinin proqnozlaşdırılandan
artıq olması səbəbindən profsitin yaranması
ehtimalları var. Bu da neftin bunya bazar qiyməti
ilə nibkin gözləntilərlə bağlıdır.
Növbəti ildə istehlak bazarında qiymətlər 2010-cu
ilə nisbətən daha yüksək olacaq. Əslində 2011-ci il
Azərbaycan iqtisadiyyatının ən ciddi problemi qiymət
artımlarına qarşı mübarizə olacaq. 2011-ci ildə
rəsmi inflyasiya 2 rəqəmlə ifadə ediləcək . Xüsusən
ərzaq məhsullarının qiymətində artımlar sürətlənəcək.
Bu həm də gələn il kənd təsərrüfatı sektorunda
azalmaların davam edəcəyi ilə bağlıdır. Belə ki,
kənd təsərrüfatı məhsullarının daxili istehsal
hesabına ödənilməsində problemlər yaranacaq. Bu
məhsulların dünya bazar qiymətlərinin bahalaşması
da istisna deyil.
2011-ci ildə bank sektorunun 2010-cu ilə nisbətən
inkişaf etməsi gözlənilir.Cəlb olunan əmanətlər
üzrə faiz dərəcələrinin azaldılmasına dair qərar
qəbul ediləcək. Banklar kredit faizlərinin aşağı
salınmasına gedəcəklər. Faizlərin aşağı salınması
kreditə olan tələbatın ödənilməsi fonunda real
sektora müsbət təsir göstərəcək. Bununla belə
müflisləşən bankların sayının artması
proqnozlaşdırılır. 2011-ci ildə Mərkəzi Bank bank
sektorunun sağlamlaşdırılması yönündə funksiyalarını
icra edə bilməyən, bankın nizamnamə kapitalı ilə
bağlı tələbini yerinə yetirməyən bankların
lisenziyalarını geri alacaq.
|