Iqtisadi v ə Sosial İnkişaf Mərkəzinin Neft

Fondunun idarəçiliyində olan maliyyə vəsaitlərinin

yerləşdirilməsi, investisiyalara yönəldilməsi

siyasətinin izlənməsi, təhlil edilməsi və hesabatın

hazırlanması Layihə çərçivəsində görülən işlər üzrə

 

FINAL HESABAT

Iqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) “Neft Fondunun idarəçiliyində olan maliyyə vəsaitlərinin yerləşdirilməsi, investisiyalara yönəldilməsi siyasətinin izlənməsi, təhlil edilməsi və hesabatın hazırlanması” layihəsi çərçivəsində tədqiqatı başa çatdırmışdır. Tədqiqatın yekunu olaraq hesabat azərbaycan və ingilis dillərində hazırlanmış və həm koalisiya üzvləri, həm də başqa təşkilatlar arasında yayımlanmışdır. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Avropa Mülki Cəmiyyət İnstitutlarını özündə birləşdirən PASOS təşkilatı hesabatı öz saytında yerləşdirilmişdir. Bundan başqa, hesabat həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən əksər müvafiq təşkilatlara göndərilmişdir. Layihə çərçivəsində hesabat hazırlanan zaman bütün fəaliyyətlər iş planına uyğun olaraq aparılmışdır. Aparılan tədbirlər eləcə də, kütləvi informasiya vasitələrində tədqiqatın yekunları ilə bağlı çap edilən yazılar ilə bağlı koalisiya üzvlərinə mütəmadi məlumat verilmişdir. Layihə çərçivəsində işin icraçıları həm yerli, həm də beynəlxalq ekspertlər ilə məsləhətləşmələr aparmışdırlar. Bu isə layihənin beynəlxalq standartlar nəzərə alınmaqla hazırlanmasına əsaslı müsbət təsir göstərmişdir.

Tədqiqata başlayan zaman layihə icraçıları dövlət nümayəndələri ilə görüşlər keçirmişlər. Layihənin rəhbəri Vüqar Bayramov Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ilə görüşmüş və tədqiqatla bağlı ona məlumat vermişdir. Bununla yanaşı, fondun başqa əməkdaşları ilə də məsləhətləşmələr aparılmışdır. Görüşlərdə tədqiqatın daha uğurla aparılması üçün fikir mübadiləsi aparılmışdır. Tədqiqatın fokusunu Dövlət Neft Fondunun fəaliyyəti və eləcə də fondun vəsaitlərinin səmərəli yerləşdirilməsi təşkil etdiyindən bu görüşlər tədqiqatın gedişinə müsbət təsir göstərmişdir.

Tədqiqat aparılan zaman layihənin rəhbəri Vüqar Bayramov Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovla görüş keçirmişdir. Görüşdə tədqiqat nəticəsində irəli sürülən təkliflərin tədqiqi imkanları müzakirə edilmişdir. V. Ələsgərovun tədqiqatın aparılması ilə bağlı təklifləri nəzərə alınmış və onlardan hesabat hazırlanan zaman istifadə edilmişdir.

Layihənin məsləhətçisi Elçin Rəşidov ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində görüşlər keçirmiş və həmi qurumdakı ekspertlərin rəyləri və təklifləri nəzərə alınmışdır. Layihənin yekunları da həmin qurumun ekspertləri ilə müzakirə edilmişdir.

Tədqiqat müddətində mütəmadi olaraq Dövlət Neft Fondunun fəaliyyəti ilə bağlı məlumatlar əldə edilmişdir və həmin məlumatların işlənməsi həyata keçirilmişdir. Bu həm fondun vəsaitlərinin faktiki xərcləmə istiqamətlərinin aşkar etməyə, həm də təkliflər hissəsinin hazırlanmasına əsaslı yardım göstərmişdir.

Layihə müddətində xarici ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətindən işlər davam etdirilmişdir. Bu zaman Norveç və Qazaxıstan modelinə xüsusi diqqət ayrılmış və həmin nümunələrdən istifadə imkanları tədqiq edilmişdir.

Layihə icraçıları xarici ekspertlər ilə də müzakirələr aparmışdırlar. Xüsusən Minnopolis və Vaşinqton Universitetlərinin professorları ilə müzakirələrdə tədqiqatın təkliflər hissəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Xarici ekspertlərin fikirləri nəzərə alınaraq təkliflər paketinin təkmilləşdirilməsi aparılmışdır.

Layihənin icrası müddətində tədqiqatla bağlı respublika mətbuatında məlumatların çapı davam etdirilmişdir. “525-ci qəzet” qəzetdə və “Mediaforumda” layihənin icraçıları ilə müsahibələr verilmişdir.

Sentyabrın 24-də tədqiqatın gedişi koalisiyanın ekspertlər ilə müzakirə edilmişdir. Müzakirələrə yalnız koalisiya üzvlərinin deyil, həmçinin kənar ekspertlər də dəvət edilmişdir. Hesabatın ilkin versiyası ilə bağlı layihənin məsləhətçisi tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. O tədqiqatın aparılma metodologiyası, xarici təcrübədən istifadə imkanları, Dövlət Neft Fondunun vəsaitlərindən istifadə istiqamətləri və eləcədə vəsaitlərin yerləşdirilməsinin təkmilləşdirilməsi yolları haqda ətraflı məlumat vermişdir. Koalisiya üzvlərindən Qubad İbadoğlu, Mirvari Qəhrəmanlı, Oqtay Güləliyev, Sevgim Rəhmanov və başqaları tədqiqatla bağlı öz fikrilərini bölüşdürmüş və təkliflərini irəli sürmüşdürlər. İştirakçılar vəsaitlərin yerləşdirilməsi istiqamətləri ilə yanaşı fondun hüququ bazasının gücləndirilməsi və eləcə də ictimaiyyət qarşısında hesabatlılığının artırılması məsələlərinə diqqət ayırmağın əhəmiyyətini bildirmişdilər.

Tədbirdən sonra layihə icraçıları koalisiya üzvlərinin təklif və rəylərini nəzərə alaraq hesabatın yekun versiyasını işləmişdilər. Yekun hesabatın təqdimatı 2007-ci ilin dekabrın 19-da Hyatt-Reycensi hotelində təşkil edilmişdir. Təqdimetmə mərasimində dövlət qurumlarının, eləcə də Dövlət Neft Fondunun və Dövlət Neft Şirkətinin, şirkətlərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının və mətbuat nümayəndələri iştirak etmişdirlər.

Koalisiyanın kordinatoru Qubad İbadoğlu koalisiya çərçivəsində həyata keçirilən layihələr ilə bağlı məlumat verərək İqtisadi və Sosial İnkişaf Mərkəzi apardığı tədqiqatın neft gəlirlərindən səmərəli istifadə imkanlarının təkmilləşdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirdi.

İSİM rəhbəri, iqtisad elmləri namizədi Vüqar Bayramov bildirmişdir ki, tədqiqat zamanı həm xarici ölkələrin, xüsusən də Norveç və Qazaxıstanın təcrübəsi ətraflı öyrənilərək ondan istifadə imkanları təhlil edilmişdir. Bununla yanaşı, Dövlət Neft Şirkətinin fəaliyyəti də təhlil obyekti olmuşdur.

V.Bayramov sterilizasiya tədbirlərinin gücləndirilməsinin əhəmiyyətindən danışaraq bildirmişdir ki, Neft Fondundan dövlət büdcəsinə ayrılan transferlərin həcminə limitlərin tətbiq edilməsi vacibdir. Norveç Neft Fondundan büdcəyə ayırmalar fondun illik gəlirinin 4 faizindən çox ola bilməz.

V. Bayramovun fikrincə, fondun investisiya portfelinin strukturunda dəyişdirilməsi vacibdir. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 55%-i ABŞ dollarında ifadə olunan aktivlərə,   35%-i AVRO-da ifadə olunan aktivlərə,  5%-i İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir. V.Bayramovun sözlərinə görə, dünya maliyyə bazarındakı tendensiyaya uyğun olaraq dollarla saxlanılan aktivlərin həcminin azaldılması hesabına Avro ilə yığım artırılmalıdır.

Vüqar Bayramov bildirdi ki, neft pullarının səmərəli istifadəsi ilə bağlı xüsusi meyarlar işlənilib və Neft Fondundan vəsaitlərin həmin meyarlar əsasında ayrılması təklif olunur. Başqa tərəfdən, Neft Fondunun vəsaitlərinə iddia edilən qurumlar üçün xüsusi meyarlar sistemi işlənmişdir və bunların da layihələrin maliyyələşdirilməsi zamanı tətbiq edilməsi təklif edilir.

İSİM rəhbəri əlavə etdi ki, neft fondunun vəsaitlərindən səmərəli istifadəsi sektorlar üzrə də qiymətləndirilir və bu zaman yalnız iqtisadi, statistik metodlardan deyil həmçinin eknometrik modellərdən də istifadə edilir. Bu modellər investisiya xarakterli vəsaitlərin səmərəlik dərəcəsini müəyyənləşdirməyə imkan verəcək.

Dövlət Neft Fondunun Müşfiq Bayramov çıxışında tədqiqatın nəticələrinə müsbət münasibət bildirərək belə fəaliyyətin fondun fəaliyyətinə pozitiv dəstək olduğunu bildirmişdir. Onun sözlərinə görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin bəzi təklifləri artıq fondun gündəmində olan məsələlər ilə bağlıdır. M. Bayramov Dövlət Neft Fondu haqqında qanun qəbul edilməsinin vacibliyini bildirərək təmsil etdiyi qurumun benchmark indeksindən istifadə etdiyini və çevik valyuta siyasətinin həyata keçirildiyini dedi.

Daha sonra koalisiya üzvləri Sabit Bağırov, Sevgim Rəhmanov, Mirvari Qəhrəmanlı, Vüsal Qasımlı, Fəridə Hüseynova, Dövlət Statistika Komitəsinin şöbə müdiri Yusif Yusifov, BP Azərbaycanın əməkdaşı Alı Qara, Azərbaycan İqtisadçılar İttifaqının nümayəndəsi Elşad Səmədzadə və tədbirin başqa iştirakçıları neft gəlirlərindən səmərəli istifadə istiqamətləri ilə bağlı öz fikirlərini bölüşdülər.

Hesabatın təqdimatı ilə bağlı reportaj ANS və İctimai Televiziya kanalları tərəfindən yayımlanmışdır. Bununla yanaşı başqa kütləvi informasiya vasitələri o cümlədən, 525-ci qəzet, Musavat, Bizim Yol, 24 saat, Bakı-Zaman, Nəbz, Xalq Cəbhəsi və başqa qəzetləri, ANS-Press, APA informasiya agentlikləri tədbiri ətraflı işıqlandırmışdırlar. Bir sıra agentliklər və ölkədə çap edilən ingilis dilli qəzetlər o cümlədən APA, To-day Azerbaijan tədbir ilə bağlı ingilis dilində məlumat yaymışdır.

Bununla da, İSİM layihə çərçivəsində fəaliyyətini başa çatdırmış və bütün fəaliyyətlər layihənin iş planına uyğun olaraq həyata keçirilmişdir.

Iqtisadi və Sosial İnkişaf

Mərkəzi İdarə Heyətinin

Sədri Vüqar Bayramov