2008-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNƏ RƏY
IQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ (İSİM)
tərəfindən hazırlanmışdır
BAKİ, AZƏRBAYCAN
Iqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)
Shirin Mirzəyev 76 "a"/ 33,
Bakı Az1002,
Azərbaycan
Tel: (99412) 5641015
Fax (99412) 4373240
Email; cesd@aztelekom.net
Web; http://www.cesd.az
İ. 2008-ci İl BÜDCƏ LAYİHƏSİNİN QISA XÜLASƏSİ
Azәrbaycan Respublikasının 2008-ci il dövlәt büdcәsinin gәlirlәri 7 382,6 mln. manat, xәrclәri 8 509 mln. manat, büdcə kəsiri 1 126,4 mln. manat həcmində nəzərdə tutulur. Cari illə müqayisədə dövlət büdcəsinin gəlirləri 28 %, xərclərinin isə 34.7% artımı gözlənilir.
2008-ci ilin dövlət büdcəsinin gəlirləri keçən illə müqayisədə 1611.7 mln. manat artacaq. Yəni növbəti büdcə ilində büdcə gəlirlərində hüquqi şəxslərin mənfəət vergisi 2 280 mln. manat təşkil edəcək və bu ümumi gəlirlərinin 30,9 faizi deməkdir. 2008-ci ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 23,5 faiz həcmində və ya mütləq ifadədə 7382,6 mln. manat olacaqdır ki, bu da 2007-ci ilin təsdiq olunmuş göstəricilərinə nisbətən 1611,7 mln. manat və yaxud 27.9 faiz çoxdur. 2008-ci ildə Vergilər Nazirliyi üzrə 5 milyard manat və ya 2007-ci ilin təsdiq olunmuş göstəricilərinə nisbətən 17,9 faiz çox daxilolmalar nəzərdə tutulur. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 1,1 milyard manat nəzərdə tutulur ki, bu da 2007-ci ilə nisbətən 42.9 faiz və ya 330 mln. manat çoxdur. Dövlət büdcəsinə digər mənbələrdən 1279,1 mln. manat vəsait daxil olacağı proqnozlaşdırılır ki, bunun da 1,1 milyard manatını və ya büdcə gəlirlərinin 14,9 faizini Dövlət Neft Fondundan transfer, 126,1 milyon manatını və ya 1,7 faizini büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, 53.0 mln. manatını və ya 0.7 faizini digər daxilolmalar təşkil edəcəkdir. Məlumat üçün bildirək ki, bundan əvvəlki illər ərzində bu rəqəm 585 milyon manat həcmində olmuşdur.Bir sözlə bu daxilolmalar 2007-ci ilə nisbətən 68.7 faiz və ya 521.0 mln. manat çox olacaqdır. 2008-ci ildə ÜDM-də vasitəli vergilərin xüsusi çəkisinin 6.2 faizdən 6.9 faizədək yüksəlməsi gözlənilir.
2008-ci ildə dövlət büdcəsi xərcləri ÜDM-in 27 faizi həcmində və ya 2007-ci ilə nisbətən 2.2 faiz çox nəzərdə tutulur. 2008-ci il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclər 4,7 milyard, əsaslı xərclər 3,7 milyard manat, kreditlər üzrə borclara, faizlərə xidmətlə bağlı xərclər 83,9 mln. manat təşkil edəcək. Gələn ilin büdcəsində əsas fondlara əsaslı vəsait qoyuluşu xərcləri üçün nəzərdə tutulan xərclər bu ilə nisbətən 39,3 faiz çoxdur. Əməkhaqqı üçün 1511.8 mln. manat və ya xərclərin 17.8 faiz həcmində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2007-ci ilin uyğun göstərici ilə müqayisədə 28,6 faiz artıqdır. Dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 32,8 faiz və ya 2,786 milyard manat nəzərdə tutulub ki, həmin maddə üzrə artım da 26.5 faizə bərabərdir. Gələn il dövlət büdcəsində elm, təhsil, səhiyyə və mədəniyyət üzrə məqsədli dövlət proqramlarının maliyyə təminatı üçün 134.2 mln. manat vəsait ayrılacaq. 2008-ci ildə elm xərclərində 64.0 mln. manat vəsait ayrılacaq ki, bu da 2007-ci illə müqayisədə 40.2 faiz çoxdur. Təhsil xərcləri növbəti ildə 973.7 mln. manat olacaq ki, bu da 2007-ci ilə nisbətən 215.9 mln. manat və ya 28.5 faiz çoxdur. Təhsil xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 11.4 faizini təşkil edir. 2008-ci ildə dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclərin həcmi 330.4 mln. manat olacaq. Bu maddə üzrə artım 18.5 faizə bərabərdir. Səhiyyə xərclərinin büdcə xərclərində payı 3.9 faizdir. Gələn il sosial müdafiə və sosial təminat xərclərinə 742.7 mln. manat vəsait ayrılacaq ki, bu da bu ilə nisbətən 129.9 mln. manat və ya 21.2 faiz çoxdur. Həmin vəsaitlərin 221.0 mln. manatı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi vasitəsilə həyata keçirilən sosial xərclərin və tədbirlərin maliyyələşdirilməsin, 350 mln. manat transfer şəkilində Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Gələn il dövlət büdcəsinin tərkib hissəsi olan yerli xərclər, büdcədənkənar vəsaitlər də nəzərə alınmaqla 904.3 mln. manat proqnozlaşdırılır ki, bu da 2007-ci ilə nisbətən 23.4 faiz çoxdur.
İİ. GƏLƏN İL BÜDCƏSİNİN 7 NEQATİV VƏ 7 POZİTİV TƏRƏFLƏRİ
2.1. 2008-ci İl Büdcəsinin Pozitiv Tərəfləri
Gələn ilin büdcəsi nəinki gəlir və xərclərinin həcminin böyüklüyünə görə həmçinin büdcə paketinin təqdim etmə üsullarına görə əvvəlkilərindən fərqlənir. Praktik olaraq gələn il büdcə layihəsində də əvvəlki illərdə olduğu kimi artım templəri saxlanılıb. Son 4 ildə büdcəsinin gəlirləri 10 dəfə yaxın artan Azərbaycan Respublikasında dövlət gəlirlərinin artımında neft sektorunun hegemonluğu qalsa da son illər qeyri-neft sektoru da maliyyə planının yerinə yetirilməsində müəyyən təsirlərə malik olmağa çalışır.
Bununla yanaşı, İqtisadi və Sosial İnkişaf Mərkəzi 2008-ci il büdcəsinin başlıca üstünlüklərini və çatışmayan cəhətlərinin qruplaşdırmışdır. Aydındır ki, büdcənin pozitiv tərəfləri alqışlanmalıdır, bununla belə dövlət büdcəsi layihəsinin çatışmayan cəhətləri daha ətraflı öyrənilməli və növbəti illərdə bu çatışmazlıqların aradan qaldırılmasına cəhdlərin edilməsi olduqca vacibdir. 2008-ci ilin dövlət büdcəsi layihəsinin əsas pozitiv tendensiyalarını aşağıdakı kimi qruplaşdırmaq olar;
- 2008-ci ilin büdcə layihəsi əvvəlki illərə nisbətən daha şəffafdır. Büdcə zərfində gələn ilin investisiya xərclərinin hamısının layihələr üzrə təqdim edilməsi və eləcə də gəlirlər hissəsində “detal lı təhlilə” yaxın izahatın verilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Belə ki, gələn il üçün layihələşdirilən kapital qoyuluşlu yönümlü bütün fəaliyyətlərin istiqamətləri göstərilib. Doğrudur, büdcə zərfində bütün layihələr üzrə ayrılan vəsaitlərin ayrı-ayrılıqda həcmi göstərilməyib və bu da layihələrin maliyyə planlarını qabaqcadan görməyə imkan vermir. Amma nəzərə almaq lazımdır ki, istehlak qiymətləri indeksini əvvəlcədən proqnozlaşdırmağın çətinliyi bir sıra hallarda, xüsusən tikinti xarakterli layihələrdə əvvəlcədən maliyyə smetasını tutmağı çətinləşdirir. Bunun kontur-arqumenti isə təbii ki, pul-kredit siyasətində və eləcə də büdcə layihəsində gələn il üçün inflyasiya göstəricisinin əvvəlcədən nəzərə alınmasıdır. Amma son illərin, xüsusən 2007-ci ilin təcrübəsi göstərir ki, istehlak qiymətləri indeksi proqnozlaşdırılan olsa da o bir sıra layihələrin smetasını əvvəlcədən müəyyənləşdirməyə tam imkan vermir. Bütün hallarda, büdcə layihəsində investisiya xərclərinin hamısının layihələr üzrə təqdim edilməsi müsbət hal kimi qiymətləndirilməlidir.
- Gələn il sosial xərclər bu ilə nisbətən 26,5 faiz artırılması nəzərdə tutulur və əgər hökumət 2008-ci ildə inflyasiyanın bir rəqəmli həddə saxlaya biləcəksə o zaman bu artım sosial vəziyyətə əsaslı müsbət təsir göstərə bilər. Gələn sosial yönümlü xərclərin xüsusi çəkisi 32,8 faiz olacaq. 2008-ci ildə Vahid Tarif Cədvəli üzrə tənzimlənən vəzifələr üzrə əmək haqlarının artımı üçün dövlət büdcəsindən 184,2 milyon manat vəsait ayrılacaq və bu da 630 min nəfəri əhatə edir. Bütövlükdə dövlət büdcəsinin sosial yönümlü olması istiqamətində addımlar bu il də davam etdirilib. Praktik olaraq, keçid ölkələrində büdcənin sosial yönümlü olması maliyyə fəaliyyətinin əsas hədəflərindədir.
- Gələn il büdcə layihəsində xərclərin təsnifləşdirilməsi daha aydın şəkildə həyata keçirilib. Proqram təsnifatının hələ də verilməməsinə baxmayaraq xərclərin daha aydın istiqamətlərini görmək mümkündür. Nəzərə almaq lazımdır ki, bu ilin dövlət büdcəsində xərclərin təxminən yarısının iqtisadi təsnifatı yox idi və bu da onların izlənməsini xeyli qəlizləşdirmişdi. 2008-ci ilin dövlət büdcəsində isə xərclərin təsnifat sistemi daha mükəmməlləşdirilib.
- Gələn il qeyri-neft sektorundan büdcəyə daxil olmalarda gözəçarpan artım müşahidə ediləcək. Qeyri-neft sektoru üzrə vergi yığımlarının 2 270 mln. manat, yəni bu illə müqayisə də 42.8% çox olacağı proqnozlaşdırılır. Bu mənbədən daxilolmaların büdcə gəlirlərində payı 30.7% təşkil edəcək. Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet məsələlərdən olduğunu nəzərə alsaq bu artımın əhəmiyyətini qiymətləndirmək çətin olmaz.
- Pensiyaların baza hissəsi gələn il yaşayış minimumuna yaxınlaşdırılacaq. Əmək pensiyalarının baza hissəsinin gələn il iki mərhələdə artımı üçün dövlət büdcəsindən 140 mln. manat bu istiqamətə sərf ediləcək. “Yaşayış minimum haqqında” Azərbaycan Respublikasında Qanununa müvafiq olaraq mərhələlərlə sosial müavinətlərin həddinin yaşayış minimumuna yaxınlaşdırılması məqsədilə onların artırılması üçün 27.8 mln. manat vəsait yönəldiləcəkdir.
- Regionların dövlət büdcəsinin formalaşdırılmasında rolu gələn il artırılacaq. 2008-ci il rayonlarda vergi gəlirlərinin artımı səviyyəsi dövlət büdcəsi gəlirlərinin orta artım səviyyəsindən xeyli yüksək proqnozlaşdırılacaq. Bununla belə, növbəti büdcə ilində yerli gəlirlərin ümumi büdcə gəlirlərinin 3,4% təşkil etməsi regionların zəif inkişafının göstəricisi kimi xarakterizə edilə bilməz. Çünki hələ də bu sahədə bir sıra güzəştlər qalmaqdadır və regionlarda bir sıra müəssisələrə diferensial vergi ödənişləri həyata keçirir.
- 2008-ci ildə büdcə xərclərinin proqramlar və adambaşına maliyyələşdirmə prinsipləri əsasında müəyyənləşdirilməsinə qərar verilmişdir ki, bunuda müsbət hal kimi qiymətləndirilə bilər. Praktiki olaraq, artıq dövlət büdcəsi xərcləri planlaşdırılan zamanı “proqram proqnozlaşdırma” sisteminə keçiddən danışmaq mümkündür. Bu həmçinin nəzarət sisteminin güclənməsi və büdcə təsnifatının mükəmməlləşdirliməsi üçün imkanları genişləndirir.
III. 2008-ci İl Büdcəsinin Neqativ Tərəfləri
Gələn ilin dövlət büdcəsində qeyd edilən pozitiv tərəflər ilə yanaşı neqativ tendensiyalar hələ qalmaqdadır. Bu problemlərin bir qismi əvvəlki illərdə də müşahidə edilmişdir, bəziləri isə son illər daha da kəskinləşmişdir. Bütövlükdə gələn ilin neqativ tendensiyaları aşağıdakı kimi qruplaşdırmaq olar.
- Büdcə xərclərinin kəskin artımı, strelizasiya prosesinin zəifliyi iqtisadiyyatda neqativ effektlər yarada bilər. B üdcə xərclərinin kəskin artımına getmək yolverilməzdir. Bir tərəfdən dövlət büdcəsinin gəlirlərinin artması pozitiv hal sayılsa da başqa tərəfdən kəskin artım iqtisadi baxımdan yolverilməzdir. Əvvəla, dövlət xərclərinin kəskin artımı inflyasiya yaradıcı faktorları gücləndirir. Hökumətin 2007-ci il üçün bir rəqəmli inflyasiyanı hədəf almasına baxmayaraq bu ilin ilk yarım ilində həmin göstərici 16 faizə çatıb. Bu isə o deməkdir ki, illik inflyasiyanın bir rəqəmli olması praktiki olaraq mümkün deyil. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ilin əvvəlindəki tənzimlənən qiymət artımlarının inflyasiya dərəcəsinə təsiri 5 faiz intervalındadır. İstehlak mallarının qiymətinin artımının əsas səbəblərindən biri dövlət xərclərinin kəskin artımıdır. Buna görə də, büdcə xərclərinin kəskin artımı son nəticədə inflyasiyanın güclənməsinə gətirib çıxarır. İkincisi, büdcə xərclərinin kəskin artımı hökumətin üzərinə əlavə sosial məsuliyyət qoyur. Bu məsuliyyətin dairəsi isə daha çox neftin dünya bazar qiymətlərindən asılı olur. 2005-cı ildə Əgər neft sektorunun payı dövlət büdcəsində 51,4 faiz idisə, ötən il bu rəqəm 58.4 faizədək yüksəlib. Bu ilki proqnozlara görə isə, həmin göstərici 60 faizlik həddi keçə biləcək. Göründüyü kimi, dövlət büdcəsi gəlirlərinin təxminən 2/3-i neft sektorunun payına düşür. Bu isə neft sektorunun büdcə gəlirlərində hələ də hegemon sahə olduğunu və təbii ki, dövlət büdcəsinin neftdən asılılığının qalmasından xəbər verir. Əslində bu kifayət qədər ciddi problem kimi qiymətləndirilə bilər. Məsələ ondadır ki, bir sıra ölkələr neft satışından əldə edilən vəsaitlərdən dövlət büdcəsinə transferlərə ciddi limitlər qoysa da (məsələn, Norveçdə 4 faizlik limit tətbiq edilir), bəzi ölkələrdə hər hansı məhdudiyyət ümumiyyətlə tətbiq edilmir (məsələn, Nigeriya). Bir sıra ölkələr isə qadağalar qoymasa da həmin transferlərin məhdudlaşdırılmasına çalışırlar (məsələn, Rusiya). Burada əsas məqsəd isə məhz dövlət büdcəsinin neft sektorundan asılılığını aradan qaldırmaqdır. Çünki bu asılılıq kəskin olduğu halda dövlət büdcəsi birbaşa dünya neft bazarındakı dəyişiklikdən asılı olacaq. Yəni, faktiki olaraq dövlət büdcəsinin formalaşmasında daxili deyil, daha çox xarici faktorlar daha çox rol oynayır. Başqa tərəfdən, neft ölkələrinin təcrübəsi göstərir ki, “bum” illərində büdcə xərclərinin kəskin artımına baxmayaraq sonrakı dövrdə bunu saxlamaq mümkün olmur. Məsələn, Nigeriyada neft bumu illərində büdcə xərcləri 70 faiz artmışdır, bumdan sonra isə xərclərdə 3 faiz azalma müşahidə edildi. Səudiyyə Ərəbistanında bum dövründə 112,5 faizlik artım sonradan 30 faizədək azaldı. Bizim bu vəziyyətdən qaçmağımız olduqca vacibdir. Bu isə daha çox neft bumu dövründə büdcə xərclərindəki artım tempindən asılıdır. Əgər gələn il Azərbaycanda 350 milyon barel neft hasilatı proqnozlaşdırılırsa 2020-ci ildə bu rəqəm 120 milyon bareldən çox olmayacaq, hətta 2025-ci ildə 100 milyondan da aşağı olacaq. Buna görə də, dövlət büdcəsi xərclərinin kəskin artımı sonradan sosial öhdəliklərin yerinə yetirilməsində problem yarada bilər. Məhz bu səbəbdən Rusiyada federal büdcə xərclərinin artımına limitlər tətbiq edilir .
- Dövlət Neft Fondu ilə büdcə arasındakı münasibətlərə də yenidən baxılmalıdır. Bu il xam neftinin ixrac qiyməti 40 dollardan yuxarı olduqda bu rəqəmdən 50 dollaradək olan vəsaitin 50 faizi, 50 dollardan yuxarı olan hissənin isə 75 faizi həcmində vəsait Neft Fonduna köçürülür. Bu formula müəyyən korrektələr ilə, demək olar, hər il dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasına tətbiq edilir. Gələn il neft sektoru üzrə vergi yığımlarının məbləği cari ilə nisbətən 3% artaraq 2,73 mlrd. manata çatması gözlənilir. Bundan başqa büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə Dövlət Neft Fondundan 1,1 mlrd. manatlıq transfertin ayrılması nəzərə tutulub. Neft Fondundan büdcəyə ayrılan vəsaitlərinin limitləşdirilməsi və həmin pulların strerlizasiyası olduqca vacibdir. Norveç iqtisadiyyatını neft gəlirlərindən tamamilə sterilizasiya etmək; fondun vəsaitləri əsaslı şəkildə xaricə investisiya edilir. Yerli valyuta olan kron ilə başqa Avropa valyutaları, xüsusən də Avro arasındakı mübadilə kursu monetarist siyasətdən daha çox iqtisadi faktorlar hesabına sabit saxlanılır. Bu siyasətin Azərbaycana uyğunlaşdırılaraq tətbiqinə ehtiyac var. Neft Fondunun pullarının dövlət büdcəsi vasitəsi ilə cari layihələrə xərclənməsi heç də səmərəli yol hesab edilə bilməz. 2008-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar götürülüb ki, bu da son nəticədə büdcənin reallığını sual altına alır. Dövlət büdcəsində maliyyə ilində yenidən baxılması və ona dəyişikliklərin edilməsi artıq ənənəvi hal alıb. Bu ilin may ayında da məhz 2007-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər edilərək büdcə gəlirlərinə neftin dünya bazar qiymətinin yüksək olması səbəbindən əlavələr edildi. 2008-ci ildə də analoji halın təkrar olma ehtimalı böyükdür. Bu baxımdan da dövlət büdcəsində neftin bir barelinin qiymətinin müəyyənləşdirilməsi zamanı dünya neft bazarındakı tendensiyalar fyuçə müqavilələr nəzərə alınmaqla ekonometrik hesablamaların aparılması olduqca vacibdir.
- 2008-ci ilin dövlət büdcəsi hökumətin proteksionist siyasəti davam etdirəcəyindən xəbər verir. Dövlət Gömrük Komitəsi üzrə 1,1 mlrd. manat proqnoz nəzərdə tutulması hökumətin xarici ticarətin liberallaşdırılması istiqamətində fəaliyyətini davam etdirməyəcəyini göstərir. Gələn il cari illə müqayisədə gömrükçülərin payı 42,9% artacaq. Bu isə o deməkdir ki, hələlik Dünya Ticarət Təşkilatının təklifləri nəzərə alınmayacaq. Gömrük sisteminin fiskal funksiyasını azaltmaq lazımdır. ABŞ gömrük vergi və rüsumları federal büdcənin 1.4 faizini, Avropa Birliyində isə 0.9 faizini təşkil edir. Xarici ticarətdə tətbiq edilən qaydalar daha çox iqtisadi inkişafı stimullaşdırmalıdır. G ələn il Azərbaycan ərazisinə malların idxalına görə əlavə dəyər vergisinin, aksizlərin və gömrük rüsumlarının dövlət büdcəsinin gəlirlərindəki payı 15% olacaqdır. Bundan başqa, gələn ilin dövlət büdcəsinə yığılan əlavə dəyər vergisinin həcmi 1, 725 milyard manat olacaq. Bu vergi daxil olmalarında idxala tətbiq edilən vergilər xüsusi rol oynadığından 2008-ci ildə büdcə siyasətinin xarici ticarətin liberallaşdırılmasına ünvanlanmayacağı aydın görüsənir.
- Məqsədli dövlət fondların xərclərinin izlənməsindəki problemlər hələ də qalmaqdadır. Məqsədli fondlara “Dövlət meşələrinin qorunub saxlanması və təkrar istehsal fondunun daxilolmaları”, “Dövlət təbiəti mühafizə ehtiyat fondu”, “Dövlət sahibkarlığı kömək milli fondu” daxil olsa da yalnız “Avtomobil Yolları” və “Dövlət neft fondu”nun gəlirləri Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanununda dərc edilmir. Bu isə büdcə qanunvericiliyinin tələblərinin pozulması deməkdir. Halbuki, qanunvericilik bütün məqsədli büdcə fondlarının gəlirləri həmin qanunda əks olunmasını tələb edir. 2008-ci ilin büdcə paketində isə məqsədli fondlar “qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətlərindən gəlirlər” maddəsi altında verilmişdir. Həmin maddədə məqsədli fondlar ayrı-ayrılıqda qeyd edilməmişdir və həmin fondların (“Avtomobil Yolları” və “Dövlət Neft Fondu”nun gəlirləri) gəlirləri ümumi olaraq göstərilmişdir. Məqsədli fondların həmin maddə daxilində qruplaşdırılmasını isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 149 saylı, 06 Oktyabr 2004-cü il tarixli qərarı ilə müəyyənləşdirmək mümkündür.
- Büdcə xərclərinin proqram təsnifatının hələ də aparılmır. Aydındır ki, Azərbaycanda dövlət büdcəsi 3 istiqamət üzrə aparılır; iqtisadi, təşkilati və funksional. Beynəlxalq Valyuta Fondunun təkliflərinə baxmayaraq hələ də xərclərin hələ də proqram təsnifatı aparılmır. Xatırladaq ki, proqram təsnifatı büdcə xərclərinin istifadəsində şəffaflığı təmin etmək məqsədi ilə xərclərin proqramlar üzrə verilməsini tələb edir. Bu zaman dövlət xərclərinin izlənməsi daha asan həyata keçirilir.
- Büdcə gəlirləri hələ də real deyil. Reallıq heç də gəlirlərinin “şişirdilməsi” anlamı daşımır. Defisitin çox olması məhz həmin qeyri-reallığı örtmək məqsədi daşıyır. Belə ki, gələn il dövlət büdcəsinə yenidən baxılması və dəyişikliklərin edilməsi ehtimalları yüksək olaraq qalır. Belə olan halda isə dövlət büdcəsinin defisitinin Ümumi Daxili Məhsulda (ÜDM) payının 3 faizlik limiti keçməyəcəyi aydındır. Yəni, büdcə gəlirlərinin artırılması son nəticədə “gəlirlər-xərclər nisbətini” tənzimləyəcək. Amma, bütün hallarda büdcə gəlirlərinin əvvəlcədən dəqiq proqnozlaşdırılması gələn il büdcəsini real edə bilərdi. Bu isə əsasən büdcədə neft sektorunun payının aydın proqnozlaşdırılmaması ilə bağlıdır.
- Səhiyyə və təhsil xərclərinin dövlət büdcəsində pay hələ də aşağı olaraq qalmaqdadır. Bu özünü daha çox səhiyyə xərclərində göstərir. Gələn il səhiyyə xərclərinin büdcə xərclərində payı 3.9 faiz olacaq. Bizim qənaətimizcə bu pay beynəlxalq standartlar baxımından uğurlu hesab oluna bilməz. Məlumat üçün qeyd edək ki, bu göstərici ABŞ-da 18.5 %, Yaponiyada 16.2 %, Kanadada 15.3 %, Almaniyada 14.7 %, Böyük Britaniyada 14.3 %, Fransada 13.8 %, Polşada 8,7, Qazaxıstanda 7,8 %-dir. Xatırladaq ki, bu ilin dövlət büdcəsində səhiyyə xərclərinin payı 4.3 faizə bərabərdir. Faktiki olaraq, gələn il səhiyyə xərclərinin dövlət büdcəsindəki payı bu ilə nisbətən aşağı düşür.
IV. YEKUN
2008-ci ilin dövlət büdcəsi layihəsi ilə tanışlıq göstərir ki, gələn il dövlət gəlirlərindəki artım tempi davam edəcək və bunun müqabilində icra edilən dövlət proqramlarının sayında artım müşahidə ediləcək. Gələn ilin büdcə layihəsinin bir sıra müsbət tərəflərinin olmasına baxmayaraq ənənəvi problemlər hələ də qalmaqdadır. Şəffaflığın təmin edilməsi istiqamətində addımlara baxmayaraq ölkə büdcəsi hələ də şəffaf deyil. Xüsusən də, bir sıra aparıcı maddələrin hələ də iqtisadi təsnifatının verilməməsi narahatçılıq doğurur. Bu həmin xərc maddələrinin izlənməsini çətinləşdirir.
2008-ci ilin dövlət büdcəsinin başqa spesifik cəhəti sosial xərclərin artımı müsbət hal kimi qiymətləndirilməklə yanaşı Dövlət Neft Fondunun transferlərin rolu hələ də həlledicidir. Fonddan büdcəyə 1,1 milyard manatı və ya büdcə gəlirlərinin 14,9 faizi transfer həyata keçiriləcək. Bundan başqa, neft ölkələrinin təcrübəsi dövlət büdcəsinin xərclərinin kəskin artımına gedilməsinin yolverilməz olmasından xəbər verir. Xərclərinin proqramlar prinsiplə proqnozlaşdırılması həyata keçirilsə də hələ də proqram təsnifatı həyata keçirilmir.